Türk milyarder Gürcüstanda həbsdən azad edildi

Türkiyənin ən məşhur sahibkarlarından biri, nəqliyyat imperiyasının qurucusu “Metro Turizm”in yaradıcısı və Gürcüstan iqtisadiyyatına yüz milyonlarla dollar sərmayə qoyan Qalip Öztürk üç illik həbsdən sonra Gürcüstandakı həbsxananı tərk edib.
Bu barədə “Novosti-Qruziya” məlumat yayıb.
İş adamı 2022-ci ilin mayında Batumidəki evində və ofislərində genişmiqyaslı axtarışlardan dərhal sonra həbs edilib. Həmin vaxt Gürcüstanın maliyyə polisi onu vergidən yayınmada, çirkli pulların yuyulmasında və sənədlərin saxtalaşdırılmasında şübhəli bilirdi. Lakin məhkəmə sonda Öztürkü narkotik maddə saxlamaqda təqsirli bilib: onun evindən 7,2 qram kokain tapılıb. 2023-cü ilin fevralında o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Lakin 2025-ci ilin iyununda o, gözlənilmədən azad edilib. Eyni zamanda, mənbələr onun azadlığa buraxılmasının müxtəlif səbəblərini göstərirlər. Belə ki, “Taka Gazete” qəzeti Öztürkün nəzarət altında şərti azadlığa buraxıldığını yazır. “Günaydın Samsun”un sözlərinə görə, vəkillərin apelyasiya şikayəti və işə baxılmasından sonra azadlığa buraxılması mümkün olub. Gürcüstanın “Batumelebi” nəşri isə müdafiəyə istinadən iddia edir ki, iş adamı günahını etiraf edib və bu, cəzanın azaldılmasına zəmin yaradıb.
Öztürk zəngin və mübahisəli tərcümeyi-halı olan bir şəxsiyyətdir. Türkiyədə o, çoxsaylı maliyyə araşdırmalarına məruz qalıb, lakin həmişə zərərsiz çıxıb. 2018-ci ildə Türkiyə məhkəməsi onu qətlin təşkilində ittiham edərək ömürlük həbs cəzasına məhkum etmişdi, lakin həmin vaxt o, artıq ikili vətəndaşlıq aldığı Gürcüstanda idi.
Gürcüstanda Öztürk görkəmli şəxsiyyətə çevrildi: o, otellərə, ticarət mərkəzlərinə, nəqliyyata və tikintiyə sərmayə qoydu, hökumət başçıları ilə rəsmi tədbirlərdə iştirak etdi. 2020-ci ilə kimi onun ölkəyə ümumi investisiyaları 500 milyon dollara çatıb. Onun ən məşhur aktivi Batumidəki “Euphoria” otelidir.
İş adamının həbsindən sonra Ankara onun ekstradisiyasını tələb etsə də, bu, baş tutmayıb. Öztürk Gürcüstanın yurisdiksiyasında qaldı.
mənbə: publika