Qəhvə ilə şokolad eyni vaxtda qəbul edilərsə, təhlükəli ola bilər
"Qəhvə ilə şokolad birlikdə qəbul edildikdə bədəndə qəfil histamin artımı baş verir. Histamin səviyyəsi yüksəldikdə orqanizm özünümüdafiə rejiminə keçir. Özünümüdafiə rejimində olan bədən isə yağ yandırmır, əksinə, yağ toplamağa üstünlük verir".
Bu barədə türkiyəli mütəxəssis Barış Öztürk danışıb.
Mütəxəssis bildirib ki, histamin artımı yalnız şişkinliklə məhdudlaşmır. Onun sözlərinə görə, bu proses zamanı qan dövranı pozulur və toxumalara gedən oksigenin miqdarı azalır. Oksigen çatmayan nahiyələrdə isə yağın yanması prosesi baş vermir və zamanla həmin hissələrdə yağ yığılmağa başlayır.
"Bu səbəbdən bədənin bəzi hissələri diyetə və idmana davamlı kimi görünür. Burada problem artıq kalori deyil, hüceyrə səviyyəsində yaranan tıxanmadır. Histamin "partlayışı" eyni zamanda insulin balansını da pozur. Histamin səviyyəsi artdıqda insulin siqnalları düzgün ötürülmür, hüceyrələr qlükozadan lazımi şəkildə istifadə edə bilmir. Orqanizm "yandırma" siqnalı əvəzinə "saxlama" siqnalı göndərir".
Barış Öztürk vurğulayıb ki, bu proses xüsusilə ayaqlarda, bud və diz ətrafında, eləcə də qarının aşağı hissəsində daha çox nəzərə çarpır. Çünki bu nahiyələr histamin və insulin dalğalanmalarına daha həssasdır. Nəticədə insan müntəzəm idman etməsinə və pəhriz saxlamasına baxmayaraq, xüsusən də bədənin aşağı hissəsində arıqlama müşahidə edilmir.
Mütəxəssisin sözlərinə görə, problem iradə çatışmazlığı deyil, histamindən qaynaqlanan yağ toplanmasıdır.
Barış Öztürk əlavə edib ki, qəhvənin tərkibində histamin olmasa belə, orqanizmdə histamin ifrazını artırmaq xüsusiyyətinə malikdir:
"Qəhvə histamini parçalayan sistemi zəiflədir. Yəni histamin səviyyəsi yüksəlir, lakin bədən onu kifayət qədər sürətlə parçalaya bilmir. Şokolad isə birbaşa histamin yükləyir. Fermentasiya olunmuş quruluşuna görə yüksək histamin tərkibinə malikdir və eyni zamanda histamin ifrazını da stimullaşdırır. Bu iki məhsul birlikdə qəbul edildikdə histamin "partlayışı" qaçılmaz olur".
Onun sözlərinə görə, bu vəziyyət orqanizmdə həyəcan siqnalı yaradır və həyəcan rejimində olan bədən yağ yandıra bilmir. Bu hal sinir sisteminə də təsir edir, qanda şəkərin səviyyəsi dəyişir, insulin müqaviməti dərinləşir. Beyin tez bir zamanda rahatlamağa çalışır və emosional qidalanma istəyi yaranır.
Mütəxəssis qeyd edib ki, bu vəziyyət xüsusilə lipedema, xroniki şişkinlik, lokal çəki problemləri və insulin müqaviməti olan insanlarda daha qabarıq şəkildə özünü göstərir.
"Histamin "partlayışı"nın digər xüsusiyyəti isə onun hər zaman dərhal hiss olunmamasıdır. Bəzən ertəsi gün tərəzidə, bəzən güzgüdə, bəzən də şalvarın balaqlarının dar gəlməsində özünü büruzə verir. Yəni qəhvə və şokolad birlikdə düşünüldüyü qədər zərərsiz deyil. Həll yolu hər şeyi qadağan etmək yox, bu prosesi təşviq edən amilləri tanımaq və düzgün qida kombinasiyalarını öyrənməkdir. Bəzən arıqlaya bilməməyimizin səbəbi çox yemək deyil, bədənin histamin yükü səbəbindən yağı buraxa bilməməsidir", - deyə Barış Öztürk vurğulayıb.
mənbə: oxu.az