Patriarxlığa basqın edən şəxsin kimliyi məlum oldu

May 20, 2026 - 21:13
 0  48
Patriarxlığa basqın edən şəxsin kimliyi məlum oldu

Gürcüstan Pravoslav Kilsəsinin Patriarxlığının inzibati binasının həyətinə avtomobillə soxulan şəxsin kimliyi rəsmən müəyyən edilib.

Xeber.ge xeber  verir ki, hadisə yerindəcə qandallanan şəxs 51 yaşlı Rostom Mazmiaşvilidir.

 Araşdırmalar zamanı məlum olub ki, 51 yaşlı Mazmiaşvili hadisəni törətdiyi ağ rəngli "Toyota Prius" markalı avtomobili təxminən bir ay əvvəl kirayələyib və paytaxtda taksi fəaliyyəti üçün istifadə edib.

Yeni yayılan versiyalardan birinə görə, sürücü sahilyanı küçədən gələrək şlaqbaumu qırdıqdan və əsas darvazanı keçdikdən sonra kilsə binasının pəncərələrinə doğru müxtəlif əşyalar atmağa başlayıb. Eyni zamanda din xadimlərinin ünvanına ağır söyüşlər söyüb. İnsident baş verən dəqiqələrdə binanın daxilində çoxlu sayda rahibə və keşiş olub.

Hadisə zamanı Patriarx Taxt-tacının hamisi, Mitropolit Şio (Muciri) binada olmayıb. Onun həmin vaxt Zedazeni monastırında səfərdə olduğu bildirilib.

Ekspert-kriminalistlər bu gün səhər saatlarında hadisə yerindəki işlərini yekunlaşdırıblar. Qəzaya uğrayan və digər maşınlara ziyan vuran "Toyota Prius" müayinədən sonra cərimə meydançasına aparılıb.

Hazırda istintaqın qarşısında duran əsas məsələ Rostom Mazmiaşvilinin hadisə vaxtı anlaqlı olub-olmadığını yoxlamaqdır. Təyin olunacaq məhkəmə-psixiatrik ekspertizası onun psixi problemlərinin olub-olmadığına aydınlıq gətirəcək. Qeyd olunub ki, saxlanılan şəxs polis bölməsində verdiyi ilkin ifadəsində törətdiyi əməllərdən heç bir şeyi xatırlamadığını iddia edib.

Xatırladaq ki, faktla bağlı cinayət işi əmlaka ziyan vurma maddəsi ilə aparılır və təqsiri sübuta yetiriləcəyi təqdirdə Mazmiaşvilini 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.