Batumidə güllələnən 31 yaşlı şəxs komadadır

Jul 23, 2026 - 11:50
 0  53
Batumidə güllələnən 31 yaşlı şəxs komadadır

Batumidə uğradığı silahlı hücum nəticəsində ağır yaralanan 31 yaşlı kişinin səhhəti ilə bağlı son təfərrüatlar bəlli olub. O, hazırda "BAU" klinikasının reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.

XEBER.GE xəbər verir ki, klinikanın həkimləri zərərçəkənin vəziyyətinin kritik ağır olduğunu bildiriblər.

Həkimlərin verdiyi məlumata görə, yaralının ətraflarında (qollarında və ayaqlarında) və qarın boşluğunda çoxsaylı güllə xəsarətləri var.

Pirosmani və İnasaridze küçələrinin kəsişməsində gənc kişiyə 10-a yaxın güllə vurulub.

Əldə olunan informasiyaya görə, maskalı hücumçu cinayəti törətdikdən dərhal sonra hadisə yerindən qaçaraq gizlənib.

Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar davam etdirilir:

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (Qəsdən adam öldürməyə cəhd) və 236-cı (Qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə) maddələri ilə sürdürülür.

Maska taxaraq qaçan şübhəlinin kimliyinin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.