Parlament televiziya və radio yayımı ilə bağlı qanun layihələrini birinci oxunuşda təsdiqlədi

Gürcüstan parlamentinin Sahəvi İqtisadiyyat və İqtisadi Siyasət Komitəsi televiziya və radio yayımı ilə bağlı təqdim olunan qanunvericilik dəyişikliklərini birinci oxunuşda təsdiqləyib.
Layihələrin bu həftə plenar iclasda müzakirəyə çıxarılması gözlənilir.
“Gürcü Arzusu” və “Xalqın Gücü” fraksiyalarının birgə təşəbbüsü ilə “Yayım haqqında” qanuna iki müstəqil qanun layihəsi təqdim edilib.
Birinci layihəyə əsasən:
• Televiziya və radio şirkətlərinə “xarici qüvvələrdən” maliyyə vəsaiti və ya maddi yardım almaq qadağan ediləcək.
• Xarici təşkilatların media qurumlarına maliyyə yardımı, proqramların hazırlanması və yayımlanmasının birbaşa və ya dolayısı ilə maliyyələşdirilməsi qadağan ediləcək.
İkinci qanun layihəsinə görə:
Layihənin qəbulundan sonra Kommunikasiya Tənzimləmə Komissiyasına televiziya və radioları xəbərdarlıq etmək və cərimələmək səlahiyyəti veriləcək. Aşağıdakı hallarda cərimələr nəzərdə tutulur:
• Xəbər proqramlarında “ədalətlilik” və “qərəzsizlik” prinsiplərinin pozulması;
• Mövzuların işıqlandırılmasında balansın qorunmaması;
• Müsahibə və ya telefon danışığının iştirakçının icazəsi olmadan efirə verilməsi (yalnız açıq çəkilişin mümkün olmadığı hallar istisnadır);
• Canlı yayıma daxil olan zənglərin qərəzli seçilməsi, yalnız bir baxış bucağının təqdim edilməsi;
• Məktəblər, xəstəxanalar, həbsxanalar, polis bölmələri və ya təcili yardım maşınlarında çəkilişlərin yalnız rəsmi icazə ilə həyata keçirilməsi;
• Tok-şoularda yalnız bir qonağın iştirakı ilə əks tərəfin fikirlərinin işıqlandırılmaması.
Qanun layihəsinə əsasən, əgər Tənzimləmə Komissiyası media qurumunun etik standartları pozduğunu müəyyən edərsə, əvvəlcə xəbərdarlıq göndərəcək və pozuntunun aradan qaldırılması üçün vaxt verəcək. Müvafiq addım atılmasa, media qurumu cərimələnəcək.
mənbə: Interpress