Müxalifət partiyalarının bir qisminin qadağan olunması üçün iddia oktyabrda Konstitusiya Məhkəməsinə təqdim ediləcək
İqtidar partiyası "Gürcü Arzusu"nun baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, oktyabr ayında Konstitusiya Məhkəməsinə iddia təqdim olunacaq və
burada “kollektiv Vahid Milli Hərəkat” (VMH) altında birləşdirilən bütün partiyaların qeyri-konstitusiya elan edilməsi tələb ediləcək.
“Bu, demokratik prosesdir və həmin iddia mütləq Konstitusiya Məhkəməsinə təqdim olunacaq”, – deyə o əlavə edib.
Müxalifət partiyalarının qadağan olunması barədə “Gürcü Arzusu”nun nümayəndələri
uzun müddətdir danışırlar. Kobaxidze də konkret hansı partiyaların nəzərdə tutulduğunu açıqlamışdı.
Onun sözlərinə görə, bu nəticə dörd partiyaya şamil edilə bilər: VMH (Vahid Milli Hərəkat), “Axali” (Yeni), “Lelo” və Qiorqi Qaxarianın partiyası. “Bu partiyaların hamısı bu gün antikonstitusiya fəaliyyətlə məşğuldur”, – deyə Kobaxidze 2025-ci il mayın 28-də bildirmişdi.
Bundan əvvəl, mayın 13-də “Gürcü Arzusu” parlamenti partiyaların qadağan edilməsinə dair qanun dəyişiklikləri paketini III oxunuşda qəbul etmişdi.
Dəyişikliklər “Vətəndaşların siyasi birləşmələri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara daxil edilib.
Qəbul edilmiş dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsi artıq qadağan olunmuş bir partiyanın məqsədini, fəaliyyət mahiyyətini və şəxsi tərkibini təkrar edən hər hansı partiyanı da qadağan edə bilər.
“Vətəndaşların siyasi birləşmələri haqqında” qanuna görə, Konstitusiya Məhkəməsi partiyanı aşağıdakı hallarda qadağan edə bilər:
• Gürcüstanın konstitusion quruluşunu zorla devirmək və ya dəyişdirmək məqsədini daşıyırsa;
• Ölkənin müstəqilliyini təhlükə altına alırsa;
• Ərazi bütövlüyünü pozursa;
• Müharibə və ya zorakılıq təbliğatı aparırsa;
• Milli, regional, dini və ya sosial ədavəti qızışdırırsa;
• Silahlı birləşmə yaradır və ya mövcud edirsə.
Məhkəmə iddia təqdim olunandan sonra ən geci 9 ay ərzində, seçki dövründə isə 14 gün ərzində qərar qəbul etməlidir.
Müxalifət partiyalarının qadağan edilməsi “Gürcü Arzusu”nun seçki vədlərindən biridir
mənbə: marnulifm