"Gürcü Arzusu" üzvlərinin Avropadakı biznesi və əmlakı

“Beynəlxalq Şəffaflıq – Gürcüstan” "Gürcü Arzusu"nun hazırkı və keçmiş üzvlərinin, eləcə də partiya ilə əlaqəli şəxslərin Avropa İttifaqı ölkələrindəki biznes və əmlak maraqlarını əks etdirən araşdırma yayımlayıb.
Araşdırma paradoksal vəziyyəti ortaya qoyur – hakim partiyanın liderləri tez-tez anti-Avropa ritorikası ilə çıxış edir və Avropanı “əxlaqsızlığın yuvası” adlandırdıqları halda, özləri aktiv şəkildə Avropa ölkələrində daşınmaz əmlak alır, şirkətlər qurur və ailə üzvləri üçün Aİ ölkələrinin vətəndaşlığını əldə edirlər.
Təşkilatın məlumatına görə, Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimi itirmək təhlükəsinin artdığı şəraitdə, hakim elitanın nümayəndələri şəxsi rifahları üçün məhz Avropa məkanını seçirlər.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan” açıq mənbələrə əsaslanaraq Aİ-nin 10 ölkəsində şirkət və ya daşınmaz əmlak sahibi olan 18 nəfər barədə məlumat toplayıb. Həmin ölkələr: Fransa, Almaniya, Niderland, Çexiya, İspaniya, Danimarka, Slovakiya, Macarıstan, Yunanıstan və Kiprdir.
Təşkilat qeyd edir ki, aşağıda təqdim edilən məlumatlar partiya üzvlərinin Avropanın müxtəlif ölkələrində sahib olduqları əsl əmlak və şirkətlərin yalnız az hissəsini – o da açıq mənbələrdən əldə edilə bilən qismini əhatə edir.
Əsas fiqurlar və onların Avropadakı aktivləri
Bidzina İvanişvili
"Gürcü Arzusu"nun fəxri sədri və ölkənin qeyri-rəsmi rəhbəri.
Hələ də Fransa vətəndaşıdır.
Böyük Britaniya, Lüksemburq, Niderland və Fransada qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə Avropada biznes imperiyasına sahibdir.
Fransada daşınmaz əmlak:
Paris yaxınlığında 1.935 kv.m torpaq sahəsi və 300 kv.m ev. Əmlak həyat yoldaşı Ekaterina Xvedelidzenin adınadır.
110.925 kv.m torpaq sahəsi – Louveciennes. Əmlak "SCI Du 29 Rue De La Princesse" adlı fransız şirkətin adınadır, sahibkarlar İvanişvili və həyat yoldaşıdır.
Kaxa Kaladze
Tbilisi meri
Fransada daşınmaz əmlak və şirkət:
2022-ci ildə Parisdə 3,5 milyon avroya 7 otaqlı mənzil alıb. Əmlak "Kala Capital" şirkətinin adınadır. Şirkət Kaladze və həyat yoldaşı tərəfindən qeydiyyatdan keçirilib, hazırda tamamilə həyat yoldaşının adınadır.
Kaladzenin dörd övladı İtaliya və Fransada doğulduğuna görə yəqin ki Aİ vətəndaşıdırlar.
Digər məmurlar və partiya ilə əlaqəli biznesmenlər
Fransa:
Anton Obolaşvili (deputat): Parisdə 130 kv.m mənzil (1.165.030 avro) və qaraj (58.000 avro).
Kaxi Bekauri (Kommunikasiya Komissiyasının rəhbəri): 2024-cü ildə həyat yoldaşı ilə Parisdə "Nap Real Estate" adlı daşınmaz əmlak idarəetmə şirkəti yaradıb. Şirkətə 1.764.991 avro sərmayə qoyulub.
Vaxtanq Caoşvili (Hindistanda səfir): Fransız həyat yoldaşı Fransada 800.000 avroya yaxın dəyəri olan 3 əmlaka sahibdir.
Almaniya:
Levan Kobiaşvili (Futbol Federasiyası prezidenti, keçmiş deputat): Həyat yoldaşı ilə birlikdə Berlində 550 kv.m ev (1.690.000 avro) və 110 kv.m mənzil (945.000 avro).
Qiorqi Kajaya (keçmiş diplomat): Alman həyat yoldaşına Berlinin mərkəzində 100 kv.m mənzil məxsusdur.
Niderland:
İrakli Ruxadze (İvanişvilinin biznes tərəfdaşı, “İmedi” telekanalının sahibi): Əsas biznes aktivləri – "Teleimedi", "Liberty Bank", "Rustavi Steel" – Niderlandda qeydiyyatdan keçmiş holdinqlər vasitəsilə idarə olunur.
Nikoloz Laliaşvili (Macarıstanda səfir): Niderlandda “Spacefoods Holding B.V.” şirkətində 50% paya sahibdir.
Çexiya və Slovakiya:
Aleksi Axvlediani (keçmiş dəniz nəqliyyatı agentliyi rəhbəri): Praqada 1.345.000 avro dəyərində iki daşınmaz əmlaka və 3 şirkətə malikdir.
Nino Tsilosani (deputat): Çexiyada “S.R.O Almitrans” şirkətində 25% paya sahibdir.
Nikoloz Nikolozişvili (diplomat): Bratislavada 106 kv.m mənzilə (278.000 avro) sahibdir.
Digər Avropa ölkələri:
Romeo Mikautadze (keçmiş iqtisadiyyat nazirinin müavini): 2024-cü ildə Madrid, İspaniyada 120 kv.m mənzil alıb (660.000 avro).
Natela Menabde (Danimarkada səfir): Danimarkada 154 kv.m mənzilə sahibdir (qiyməti 4.260.000 Danimarka kronu).
Qiorqi Şarvaşidze (Ermənistanda səfir): Macarıstanın Budapeşt şəhərində 87 kv.m mənzilə sahibdir. Oğlu Macarıstanda doğulub.
Qaiozi Kacaia (Tbilisi polis departamentində yüksək vəzifəli şəxs): Yunanıstanın Saloniki şəhərində 60 kv.m mənzilə sahibdir.
Maqdana Quraşvili (Tsaqeri bələdiyyə şurasının sədri): Kiprin Limassol şəhərində 130 kv.m mənzilə sahibdir.
mənbə: marneulifm