Mixail Saakaşvilinin səhhəti pisləşib: Penitensiar Xidmət və media fərqli məlumatlar yayır

Mar 30, 2026 - 21:51
 0  42
Mixail Saakaşvilinin səhhəti pisləşib: Penitensiar Xidmət və media fərqli məlumatlar yayır

  Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin saxlanılma şəraitində səhhətinin qəfil pisləşməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb.

Xeber.ge xeber  verir ki, İctimai Yayımçıya istinadən verdiyi məlumata görə, Xüsusi Penitensiar Xidmət sabiq dövlət başçısının dünən özünü pis hiss etdiyini və ona yerindəcə ilkin tibbi yardım göstərildiyini təsdiqləyib.

Hökumətyönümlü "İmedi" telekanalına daxil olan rəsmi məlumatda isə bildirilir ki, M. Saakaşvilinin qan təzyiqi aşağı düşüb və müvafiq tibbi müdaxilələrdən sonra vəziyyəti stabilləşib. Penitensiar Xidmətin məlumatına görə, məhkum yıxılma nəticəsində ayağında ağrılar olduğunu bildirsə də, aparılan vizual və rentgenoloji müayinələr zamanı hər hansı ciddi xəsarət aşkarlanmayıb.

Bununla belə, müxalif yönümlü teleaparıcı Nanuka Jorjoliani fərqli iddia ilə çıxış edib. Onun sözlərinə görə, Mixail Saakaşvili martın 29-da kamerada huşunu itirərək yıxılıb, nəticədə baş və ətraf nahiyələrindən xəsarətlər alıb. Aparıcı həmçinin qeyd edib ki, eks-prezidentə reanimasiya yardımı göstərilməli olub.

Hazırda hadisənin təfərrüatları və sabiq prezidentin real sağlamlıq durumu ilə bağlı müzakirələr davam edir.