Metadon, mefedron, pregabalin aşkarlanıb – DİN Acarada 7 nəfəri saxlayıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Acarıstanda müxtəlif vaxtlarda həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik cinayətləri ilə bağlı 7 nəfər saxlanılıb.
“Xüsusilə böyük miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi və saxlanması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəhd, narkotik tərkibli bitkinin qanunsuz becərilməsi faktlarına görə aşağıdakı şəxslər saxlanılıb. Onlar Moldova Respublikasının vətəndaşları – 1980-ci il təvəllüdlü D.S., 1989-cu il təvəllüdlü S.S., 1973-cü il təvəllüdlü A.Ç.; həmçinin Türkiyə Respublikasının vətəndaşları – 1999-cu il təvəllüdlü O.G., 2001-ci il təvəllüdlü M.Ç., 1999-cu il təvəllüdlü F.S. və 2005-ci il təvəllüdlü M.İ.-dir.
Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Təqsirləndirilən şəxslərin üzərinə, yaşayış evlərinə və göstərilən ünvanlara baxış zamanı maddi sübut kimi müxtəlif növ narkotik vasitələrin – o cümlədən “metadon”, “mefedron”, psixotrop maddə “pregabalin” və narkotik vasitə “qurudulmuş marixuana”nın böyük və xüsusilə böyük miqdarı aşkarlanaraq götürülüb”, – nazirliyin məlumatında deyilir.
Hüquq-mühafizəçilər eyni zamanda narkotik tərkibli bitkilərin becərilməsi üçün xüsusi hazırlanmış istixanalardan xüsusilə böyük miqdarda “kannabis bitkisi”ni də maddi sübut kimi götürüblər.
Nazirliyin məlumatına əsasən, narkotik vasitələrin becərilməsi və qablaşdırılması üçün istifadə olunan ləvazimatlar və elektron tərəzilər də aşkarlanaraq müsadirə edilib.
İstintaq Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı prima, 261-ci, 265-ci və 273-cü prima maddələri üzrə aparılır.
mənbə: marneulifm