Arıxlıda iki gəncin ölümünə səbəb olan sürücüyə 3 il həbs cəzası verilib
Dekabrın 30-na gecə Bolnisi bələdiyyəsinin Arıxlı kəndi yaxınlığında baş verən iki gəncin ölümünə səbəb olan sürücünün məhkəmə iclası keçirilib.
İclas 16 sentyabr tarixində Rustavi Şəhər məhkəməsində keçirilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, qərarın qəbulu prosesi uzun çəkdiyindən iclas 17 sentyabr tarixinə təxirə salınıb və hakim təqsirləndirilən şəxsə 3 il müddətinə azadlıqdan məhumetmə cəzası təyin edib.
Sinan Şərifovun anası Naz Bayramova “Marneuli” radiosuna verdiyi müsahibəsində hökmlə razılaşmadığını və qəbul olunan qərarı şikayət edəcəyini bildirdi. O, hakimin obyektiv qərar vermədiyini və cinayəti törədən şəxslə qohum olduğunu vurğuladı.
“2024-cü ilin 30 dekabr tarixində yüksək sürətlə hərəkət edən şəxs yolu keçmək istəyən iki balamızı öldürüb. Neçə dəfələrlə bizə nazirlər gəldilər, milliyyət davası düşdü. Biz hər kəs sakitləşdik. Dedik qanunla ən ağır şəkildə cəzalandırılsın. Hakimlər, vəkillər, yüksək vəzifəli şəxslər bunun qohumudur. Bunların əli-qolu uzun olduğuna görə bizi tapdaladılar. İki uşağın həyatına sona qoyan adama 3 il iş veriblər. 9 ayını yatıb, 2 il 3 aydan sonra o adam eşiyə çıxacaq. 2 uşağı yenə öldürəcək. Qanun, ədalət bizdə yoxdur. Neçə insan evimə gəldi məni hədələdi. Mənə pul təklif etdi mən razı olmadım. Bizim öz millətimiz olsaydı 15 il verərdilər. Biz məhkəmənin qərarı ilə razı deyilik. Hakim qərarını verdi qaçdı”.
Bayramovanın sözlərinə görə, məhkəmə iclasında tərcüməçi olmayıb və onlara söz haqqı verməyiblər. Onlara danışacaqları təqdirdə 500 lari məbləğində cərimələnəcəklərini bildiriblər.
Elçin Binnətovun atası Fazil Binnətov bizimlə söhbəti zamanı bildirdi ki, prokuror ona bu işin cəzasının 6 ildən 10 ilədək olduğunu söyləyib.
“O vaxt bizi Rustaviyə çağırdılar, getdik. Prokuror mənə dedi ki, şikayət etsəniz də, etməsəniz də bu işin ən az cəzası 6 ildən 10 ilə kimidir. Bizi ayın 16-i Rustaviyə çağırdılar məhkəmə oldu. Tərcüməçi qız gəldi bizə dedi ki, 3 il həbs verildi. Mən Gürcüstan hökumətinə etibar etdim ki, cəza var cəzasını verərlər”, - Fazil Binnətov vurğuladı.
Sinan Şərifovun əmisi Samir Şərifov ayrı-seçkilik olduğunu və ədalətli qərar verilmədiyini ifadə etdi.
“Mən qanun istəyirəm. İki dənə 17 yaşlı gənci maşın vurur. Bu işə görə 3 il həbs cəzası verirlər. Bunların Parlamentdə oturan yaxın adamları var. Hakim qərarı səsləndirəndə polislər belə təəccübləndilər. Bizim milləti seçirlər. Biz Gürcüstan vətəndaşıyıq”, - Samir Şərifov dedi.
Dekabrın 30-na keçən gecə Bolnisi yolunda, Arıxlı (Naxiduri) kəndi yaxınlığında 11-ci sinif şagirdi Sinan Şərifov və 9-cu sinif şagirdi Elçin Binnətovu avtomobil vuraraq öldürüb. Faciənin ardınca qarşıdurma baş verib, xüsusi təyinatlılar və hüquq-mühafizə orqanlarının əməkdaşları kəndə səfərbər edilib. Daxili İşlər Nazirliyi Bolnisi Bələdiyyəsinin Naxiduri kəndində asayişi bu formada təmin edib.
mənbə: marneulifm.ge