İsveçrə Gürcüstanın rəsmi şəxsləri üçün vizasız rejimi dayandırdı
İsveçrə Federal Şurasının qərarı ilə Gürcüstanın diplomatik, rəsmi və ya xidməti pasportuna malik olan vətəndaşları üçün tətbiq edilən vizasız gediş-gəliş rejimi dayandırılıb.
Xeber.ge xəbər verir ki, İsveçrə Federal Şurasının rəsmi bəyanatına istinadən verdiyi məlumata görə, müvafiq qərar aprelin 1-də keçirilən iclasda qəbul edilib.
Yeni qaydalar sabahdan, 3 aprel tarixindən etibarən qüvvəyə minəcək və 12 ay müddətində qüvvədə qalacaq. Federal Şuranın izahatında bildirilir ki, bu addım Şengen qanunvericiliyinin inkişafı və bu sahədəki öhdəliklərlə bağlıdır.
Qərara əsasən, ölkəyə giriş və vizaların verilməsi haqqında əsasnaməyə dəyişiklik edilib. Bununla yanaşı, İsveçrə ilə Gürcüstan arasında vizaların verilməsinin sadələşdirilməsi haqqında sazişin bir neçə maddəsinin fəaliyyəti də dayandırılıb.
Rəsmi Bern vurğulayır ki, bu məhdudiyyətlər Gürcüstanın sıravi vətəndaşlarına şamil edilmir. Ümumvətəndaş pasportuna malik olan Gürcüstan vətəndaşları İsveçrəyə və Şengen zonasına vizasız səfər etmək hüququnu qoruyub saxlayırlar.
Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqı tərəfdaşları da Gürcüstanın rəsmi şəxsləri üçün bənzər məhdudiyyətlərin tətbiqi ilə bağlı müzakirələr aparıblar.