Tbilisidə sürüşmə: Sakinlər icra hakimiyyətini günahlandırır- Video

Jul 7, 2026 - 12:16
 0  22

Tbilisidə Važa-Pşavela metro stansiyasının yaxınlığında güclü yağışlardan sonra tikinti meydançasında baş verən torpaq sürüşməsi ilə bağlı ərazidə yaşayan sakinlər ciddi ittihamlar səsləndiriblər.

XEBER.GE xəbər verir ki, onların sözlərinə görə, hadisədən əvvəl rayon icra hakimiyyətinə dəfələrlə müraciət edərək binanın qəzalı vəziyyətdə olduğunu və yolda iri çatların əmələ gəldiyini bildiriblər. Lakin iddialara görə, bu müraciətlərə heç bir reaksiya verilməyib.

Sakinlər bildirirlər ki, vaxtilə ərazidə "Center Point" şirkəti yaşayış binasının yarısını inşa edib, daha sonra tikili sökülüb və bünövrə həmin vəziyyətdə saxlanılıb. Hazırda isə tikinti icazəsi "Saburtalo" MMC-yə məxsusdur.

Yerli sakinlərdən biri bildirib ki, cəmi dörd gün əvvəl rəsmi qurumlara binanın qəzalı vəziyyətdə olması barədə yazılı müraciət edilib:

"Bizə dedilər ki, belə ərizələr çoxdur, bina uçmayınca gəlməyin. Binanın arxası beton və metal konstruksiyalarla möhkəmləndirilmişdi, amma beton uçub və indi onu saxlayan heç nə qalmayıb. Bu gün yenidən yağış yağsa, bina da sürüşə bilər".

Rayonun rəhbəri Levan Kipiani isə bildirib ki, torpaq kütləsi sürüşən kimi bütün aidiyyəti qurumlar dərhal hadisə yerinə cəlb olunub. Onun sözlərinə görə, ərazi hasarlanıb, ekspertiza sürətlə aparılacaq və rəy əsasında möhkəmləndirmə işlərinə başlanılacaq.

Kipiani hadisədən əvvəl təhlükə ilə bağlı məlumatlı olub-olmaması barədə suala isə birbaşa cavab verməyib. O əlavə edib ki, tikinti şirkəti təhlükəsizlik normalarını pozduğuna görə cərimələnib.