Mayın 17-də Tbilisinin mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq
Tbilisidə "Ailə Müqəddəsliyi Günü" ilə əlaqədar keçiriləcək yürüş səbəbindən bəzi mərkəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Xeber.ge xeber verir ki, bu barədə Tbilisi Meriyası xəbərdarlıq yayıb.
Mayın 17-si saat 11:00-da Kaşveti kilsəsinin qarşısından başlayacaq və Sameba Kafedral Kilsəsinə qədər davam edəcək.
Saat 08:00-dan 14:00-dək Rustaveli prospekti, Azadlıq meydanı, Barataşvili körpüsü və enişi, həmçinin Avlabari meydanına qədər olan hissədə hərəkət dayandırılacaq.
Alternativ yollar:
Rustaveli prospektindən Mtatsminda rayonunun digər küçələrinə Tarxnişvili, Çovelidze, Zandukeli küçələri, daha sonra Barnov, Qoqebaşvili və Makayaşvili küçələri vasitəsilə getmək mümkün olacaq.
"Rustaveli" metrostansiyası ərazisinə Qriboedov, Makayaşvili, Barnov və Şanidze küçələri ilə daxil olmaq olar.
"Rustaveli" metrosundan Azadlıq meydanına gedən maşınlar yalnız Çanturiya küçəsinə qədər hərəkət edə biləcək, oradan isə sağ sahilə (Naberejnaya) yönləndiriləcəklər.
Kote Afxazi və Şalva Dadiani küçələrindən Azadlıq meydanına çıxış bağlanacaq.
Barataşvili körpüsü bağlandığı müddətdə sürücülər Quru körpü (Mşrali xidi) və sol sahil yollarından istifadə etməlidirlər. Ketevan Dedofali prospektindən gələnlər isə Boçorma və İalbuzi küçələri vasitəsilə hərəkət edə biləcəklər.
Meriyanın məlumatına görə, hərəkət yürüş başa çatdıqdan sonra, mərhələli şəkildə bərpa olunacaq.
Sürücülərdən qeyd olunan vaxt kəsiyində alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.