Hökumət dəyişikliyə yox deyir: Müxalifətin seçki şərtləri
Xaricdə səsverməyə icazə verilməsi, seçki komissiyalarında paritetin tətbiqi, seçicilərin verifikasiyasının sərtləşdirilməsi və neytral məhkəmələr – "Müxalifət Alyansı"nın seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı tələbləri bunlardır.
Xeber.ge xeber verir ki, Gürcüstanda növbəti parlament seçkiləri 2028-ci ilə planlaşdırılıb. Əsas yenilik ölkə hüdudlarından kənarda olan seçicilərin səs verməsinin qadağan edilməsidir.
Müxalifətin fikrincə, yalnız seçki sisteminin dəyişdirilməsi Gürcüstanda ədalətli və azad seçkilərin keçirilməsini təmin edə bilər. Müxalif partiyaların tələbləri arasında seçki komissiyalarının 2020 və 2024-cü illərin seçki nəticələrinə əsasən formalaşdırılması da var. Beləliklə, seçki komissiyalarında nəinki hazırkı çağırış parlamentində təmsil olunan, həmçinin "Vahid Milli Hərəkat", "Girçi", "Lelo" və digər müxalif partiyaların böyük hissəsi yer alacaq.
Digər bir tələb isə Gürcüstan hüdudlarından kənarda yaşayan vətəndaşlar üçün səsvermə imkanının geri qaytarılmasıdır.
Həmçinin "Müxalifət Alyansı" seçicilərin verifikasiyası prosesinin sərtləşdirilməsini, seçici siyahılarının açılmasını və onların seçkilərdə iştirakı barədə məlumatların dərc olunmasını, seçki məntəqələrində üztanıma aparatlarının quraşdırılmasını və seçki prosesinin auditi üçün beynəlxalq şirkətin dəvət olunmasını tələb edir.
Bundan əlavə, alyans seçki ilə bağlı mübahisələrə baxmaq üçün xüsusi məhkəmə kollegiyalarının yaradılmasını tələb edir. Kollegiyadakı hakimlər seçkilərin bütün iştirakçılarının razılığı əsasında seçilməlidir. Güman edilir ki, bu tələblər müxalifətin 26 may aksiyasında səsləndiriləcək.
Lakin "Dəyişiklik naminə Koalisiya" partiyasının nümayəndəsi Tenqo Tevzadzenin sözlərinə görə, ədalətli və azad seçkilərdən danışmazdan əvvəl siyasi məhbuslar azad edilməli, siyasi motivli cinayət işlərinə son qoyulmalı və müxalifətin "repressiv" adlandırdığı bir sıra qanunlar ləğv edilməlidir. Müxalifət etiraz aksiyalarının keçirilməsi qaydalarının sərtləşdirilməsini, "xarici agentlər" və qrantlar haqqında qanunu, məmurların təhqir olunmasına görə cinayət və inzibati cəzaları, eləcə də medianın iş qaydalarının sərtləşdirilməsini "repressiv qanunlar" adlandırır.
Bu arada, Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin seçki qanunvericiliyini dəyişmək niyyətində olmadığını bəyan edib. "2028-ci il parlament seçkilərinə gəlincə, bu seçkilər bu gün qüvvədə olan qanunvericiliyə uyğun keçiriləcək. Mən buna hamıya söz verirəm. Bugünkü qanunvericilik beynəlxalq standartlara tam uyğundur", – deyə Baş nazir qeyd edib.
"Müxalifət Alyansı" Doqquz müxalif partiya mart ayında alyansın yaradıldığını və iki aylıq milli səfərbərlik kampaniyasının başladığını elan ediblər. Kampaniya 26 may Müstəqillik Günü Tbilisidə genişmiqyaslı aksiya ilə başa çatmalıdır. "Müxalifət Alyansı"na "Axali", "Girçi", "Droa", "Avropa Gürcüstanı", "Vahid Milli Hərəkat", "Strategiya Aqmaşenebeli", "Federalistlər", "Milli Demokrat Partiyası" və "Azadlıq Meydanı" daxildir.
Təsisçilərin sözlərinə görə, alyansın məqsədi "avtokratik rejimi" dayandırmaq, Gürcüstanın avroatlantik kursunu bərpa etmək, həmçinin demokratik idarəçiliyi, təhlükəsizliyi və vətəndaşların rifahını təmin etməkdir.
Öz növbəsində, "Gürcü Arzusu" hesab edir ki, ətrafında alyansın formalaşdığı "Vahid Milli Hərəkat" faktiki olaraq əvvəlki formada fəaliyyətini davam etdirir və Gürcüstanın maraqlarına qarşı işləyir. Hakimiyyət bu qüvvələri "radikal müxalifət" və "kollektiv Milli Hərəkat" adlandıraraq onları və bəzi qeyri-hökumət təşkilatlarını xarici dövlətlərin maraqlarını təbliğ etməkdə ittiham edir.