Tbilisidə ad günündə qətl: Gənci mətbəx lövhəsi ilə döyərək öldürüblər-VİDEO
Tbilisi Şəhər Məhkəməsində 22 yaşlı Tazo Mtivlişvilinin xüsusi qəddarlıqla qətlə yetirilməsi işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Xeber.ge xeber verir ki, prosesdə hadisənin şahidi olmuş və cinayəti gizlətməkdə ittiham olunaraq cəza çəkən Veriko Kapanadze ifadə verib.
Şahidin ifadəsinə görə, qətldə ittiham olunan Giorgi Papaşvili gənci saatlarla amansızcasına döyüb.
Məlum olub ki, cinayətkar qurbanın huşunu itirməsinə baxmayaraq zorakılığı dayandırmayıb:
"O, Tazonu saatlarla döyürdü. Gənc huşunu itirəndə onu vanna otağına aparıb özünə gətirir, sonra yenidən işgəncələrə davam edirdi.
Hətta məni də hədələdi ki, 'ağıllı' olmasam, məni də eyni aqibət gözləyir.
Mətbəxdən taxta lövhə gətirərək Tazonun başına o qədər bərk vurdu ki, lövhə üç hissəyə parçalandı".
Məhkəmədə o da bildirilib ki, Mtivlişvili vəfat etdikdən sonra Papaşvili onun cəsədini hissələrə ayırmağı planlaşdırıb və digər şəxslərdən buna kömək etmələrini istəyib, lakin bu niyyətini reallaşdıra bilməyib.
İşin prokuroru Levan Vepxvadze jurnalistlərə açıqlamasında şahidin ifadələrinin hadisə yerində tapılan sübutlarla üst-üstə düşdüyünü təsdiqləyib.
O, ölümə səbəb olan əsas zərbələrin baş və üz nahiyəsinə yetirildiyini, sındırılan mətbəxt lövhəsinin cinayət aləti kimi sənədləşdirildiyini bildirib.
Xatırladaq ki, hadisə fevralın 18-də, Tazo Mtivlişvilinin öz ad günündə Ortacalada baş verib. Məlumata görə, münaqişə qurbanın işlədiyi dönərxanada ("Şaurma") başlayıb. 36 yaşlı Giorgi Papaşvili özünü "kriminal aləmin" nümayəndəsi kimi təqdim edərək gənclərdən hər ay "obşak" (ortaq xəzinə) üçün pul tələb edib.
Bu tələbə etiraz edilməsi dəhşətli qətllə nəticələnən münaqişəyə səbəb olub.
Hazırda Giorgi Papaşvili xüsusi qəddarlıqla qəsdən adam öldürmə maddəsi ilə mühakimə olunur.
Digər dörd nəfər — Veriko Kapanadze, Luka Qvenetadze, Saba Robakidze və Bayram Əli Hüseynov isə ağır cinayəti bilib xəbər verməməkdə ittiham edilirlər.