Marneulidə qızlarını zorla ərə verməkdə ittiham olunan 3 nəfər saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları ailə üzvünü nikaha məcbur etmə və məişət zorakılığı ittihamları ilə bağlı iki ayrı fakt üzrə Marneuli bələdiyyəsində üç nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük motivi ilə öz övladlarını, o cümlədən yetkinlik yaşına çatmayan uşağı, onların iradəsinin əksinə olaraq kənd sakinləri olan kişilərlə evlənməyə məcbur ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər üç şəxsi saxlayıblar.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11¹-150¹ və 126¹-ci maddələri ilə istintaq aparılır.
Bu maddələr 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.