Marneulidə 20 yaşlı gənci qətlə yetirən şəxsə qarşı rəsmi ittiham irəli sürülüb

Apr 4, 2026 - 20:42
 0  224
Marneulidə 20 yaşlı gənci qətlə yetirən şəxsə qarşı rəsmi ittiham irəli sürülüb

Gürcüstan Prokurorluğu Marneuli şəhərində törədilmiş səs-küyə səbəb olan qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

 20 yaşlı gəncin qəsdən öldürülməsində şübhəli bilinərək saxlanılan şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.

 Xeber.ge xeber  verir ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, cari ilin aprelin 2-də Marneulidə təqsirləndirilən şəxs qəsdən adam öldürmə niyyəti ilə iti alətlə bir nəfərə həyat üçün təhlükəli olan xəsarətlər yetirib. Zərərçəkmiş şəxs tibbi yardım göstərilənədək aldığı yaralardan hadisə yerində dünyasını dəyişib.

  Aprelin 3-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (Qəsdən adam öldürmə) ilə ittiham elan edilib. Bu maddə üzrə təqsirləndirilən şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prokurorluq yaxın saatlarda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.