Maaşı 25000 ABŞ dollarından çox olan proqramçılar Gürcüstanda yaşayış icazəsi ala biləcəklər

Gürcüstan hökuməti 27 avqustda qəbul etdiyi №389 qərarı ilə xarici IT mütəxəssisləri üçün müvəqqəti yaşayış icazəsi almaq məqsədilə əlavə tənzimləmələr müəyyənləşdirdi.
Sənədə əsasən, qanunvericiliyə yeni maddələr (124 və 125) əlavə olunub ki, bunlar detallı şəkildə müəyyən edir: hansı şərtlərdə informasiya texnologiyaları sahəsində çalışan əcnəbilər Gürcüstanda yaşayış icazəsi əldə edə bilərlər. Əsas tələblərdən biri gəlirin təsdiqidir – illik əməkhaqqı 25 000 ABŞ dollarından çox olmalıdır.
Yeni qaydalar IT sektorunda çalışan üç qrupa aiddir:
• Gürcüstanda qeydiyyatdan keçmiş əməkçi miqrantlara;
• Kiçik biznes statusuna malik fərdi sahibkarlara;
• Beynəlxalq IT şirkətlərinin rəhbərlərinə və nümayəndələrinə.
Qərara əsasən, müvəqqəti yaşayış icazəsi almaq üçün əcnəbi təqdim etməlidir:
• Səhiyyə Nazirliyinin xüsusi elektron sistemində qeydiyyatdan keçərkən verilən unikal kod göstərilməklə ərizə;
• Şəxsiyyətini və Gürcüstanda qanuni qalmasını təsdiq edən sənədlər;
• IT sahəsində minimum 2 illik iş təcrübəsini təsdiqləyən arayış;
• Son bir ildə ən azı iki dəfə, 30 günlük fasilə ilə əldə edilmiş, illik 25 000 ABŞ dollarından az olmayan gəliri təsdiq edən sənədlər;
• Şəxsiyyət şəkli və xidmət haqqının ödənildiyini təsdiqləyən qəbz.
Xüsusi şərtlər Gürcüstanda kiçik biznes statusu ilə qeydiyyatda olan və IT fəaliyyəti ilə məşğul olan əcnəbilərə, eləcə də beynəlxalq IT şirkətlərinin nümayəndələrinə də aiddir.
Qərar həmçinin nəzərdə tutur ki, IT sahəsində çalışan əcnəbilərin ailə üzvləri də yaşayış icazəsi almaq hüququna malikdirlər.
Bundan əlavə, hökumət dəqiq müəyyənləşdirib ki, digər ölkələrdə verilmiş sənədlər müvafiq qaydada leqallaşdırılmalı və ya apostil ilə təsdiqlənməlidir. Bununla yanaşı, onların elektron formada təqdim olunması da mümkündür – əgər həqiqiliyini xüsusi reyestr və ya digər vasitələrlə yoxlamaq mümkündürsə.
Rəsmi sənəddə qeyd olunduğu kimi, yeni qaydaların məqsədi Gürcüstanda informasiya texnologiyaları sahəsinin inkişafı və xarici mütəxəssislərin cəlb edilməsinin təşviq edilməsidir.
mənbə: marneulifm