Dələduzluq yolu ilə 200 min laridən çox vəsait mənimsənilib

Jan 14, 2026 - 16:03
 0  31
Dələduzluq yolu ilə 200 min laridən çox vəsait mənimsənilib

Gürcüstan Baş Prokurorluğunun yaydığı məlumata görə, qrup halında külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmə faktı üzrə bir nəfərə qarşı ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, cinayətkar qrupun üzvləri birgə biznes fəaliyyəti adı altında zərərçəkmiş şəxsi aldadaraq ondan külli miqdarda pul vəsaiti alıblar. Onlar qarşı tərəfə mənfəətdən pay və əsas məbləğin qaytarılacağı vədini veriblər. Bu yolla dələduzluq qrupunun üzvləri zərərçəkmişdən 87 000 ABŞ dolları və 73 400 lari pul alaraq mənimsəyiblər. Həmin vəsait şəxsi məqsədlər, o cümlədən qumar oyunları üçün istifadə edilib.

 

Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin müvafiq bəndləri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda törədilmiş dələduzluq) ilə ittiham irəli sürülüb. Bu maddə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

 

Prokurorluqdan bildirilib ki, cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.