Marneulidə "kriminal avtoritet" adı ilə reketlik edən şəxslər saxlanılıb

Mar 16, 2026 - 10:51
 0  22
Marneulidə "kriminal avtoritet" adı ilə reketlik edən şəxslər saxlanılıb

 Gürcüstanın Marneuli rayonunda vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən mütəşəkkil qrup ifşa olunub.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu gəlmə və qanunsuz silah saxlama ittihamı ilə iki nəfəri saxlayıblar.

Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, cari ilin yanvar-fevral aylarında əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1962-ci il təvəllüdlü E.M. və 1981-ci il təvəllüdlü A.G. bir neçə Marneuli sakininə zəng edərək özlərini kriminal avtoritet "Folada"nın adamları kimi təqdim ediblər. Onlar vətəndaşlardan müəyyən məbləğdə pul tələb edib, əks halda ailə üzvlərini öldürməklə və əmlaklarını məhv etməklə hədələyiblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi kompleks operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxslərin kimliyi qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Axtarış zamanı onlardan qanunsuz odlu silahlar da aşkar edilərək götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 181-ci (hədə-qorxu ilə tələb etmə) və 236-cı (odlu silahın qanunsuz alınması, saxlanılması, gəzdirilməsi) maddələri ilə cinayət işi başlanılıb. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.