Marneuli bazarında baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfərə qiyabi ittiham irəli sürüldü

Jan 6, 2026 - 21:52
 0  62
Marneuli bazarında baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfərə qiyabi ittiham irəli sürüldü

Xeber.ge xeber  verir ki, Prokurorluğun məlumatına görə, 4 yanvar tarixində Marneuli bazarının ərazisində baş vermiş qəsdən adamöldürmə işi üzrə bir nəfərə qarşı qiyabi olaraq ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs sifarişli qətl və odlu silahın qanunsuz olaraq əldə edilməsi, saxlanılması və gəzdirilməsi maddələri ilə ittiham olunur.

"Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, 2026-cı il yanvarın 4-də Marneulidə kənd təsərrüfatı bazarının ərazisində təqsirləndirilən şəxs, sifariş əsasında, xüsusi amansızlıqla odlu silahdan atəş açaraq zərərçəkmiş ata və oğula xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Alınan xəsarətlər nəticəsində zərərçəkənlərdən biri xəstəxanada dünyasını dəyişib, digərinin həyatını isə vaxtında göstərilən tibbi yardım sayəsində xilas etmək mümkün olub" – deyə qurumun bəyanatında bildirilir.

Təqsirləndirilən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19, 109-cu maddəsinin "l", "m", "n" bəndləri (sifarişlə və xüsusi amansızlıqla iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri (odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi) ilə ittiham irəli sürülüb. Bu maddələr cəza olaraq 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət olunacaq.