Mamuka Xazaradze azadlıqdan məhrum edildi

Jun 23, 2025 - 16:04
 0  21
Mamuka Xazaradze azadlıqdan məhrum edildi

“Lelo Güclü Gürcüstan Uğrunda” partiyasının lideri Mamuka Xazaradze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiyinə görə təqsirli bilinib.

Bu barədə məhkəmənin qərarında qeyd olunub.

Tbilisi Şəhər Məhkəməsinin hakimi Zviad Şaradze tərəfindən çıxarılan hökmlə Xazaradzeyə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Eyni zamanda o, 2 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrum edilib.

Məhkəmə qərarının elan olunduğu iclasa Xazaradze qatılmayıb və son söz hüququndan da istifadə etməyib.

Xatırladaq ki, Mamuka Xazaradze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasına izahat verməyə çağırılmış, lakin iclasa qatılmamışdı. Bu səbəbdən ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülmüşdü. Həmin maddə müvəqqəti istintaq komissiyasının tələbinə əməl etməməyə görə cərimə və ya bir ilə qədər azadlıqdan məhrumetmə, həmçinin vəzifə tutma və fəaliyyət hüququnun 3 ilədək məhdudlaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Mamuka Xazaradze barəsində 50 min lari məbləğində girov tədbiri seçilmiş və o, bu məbləği qanunla müəyyən olunmuş müddətdə ödəmişdi.

mənbə: interpress