Maliyyə Nazirliyindən kütləvi həbslər: Qanunsuz ağac ixracı və saxta sənədlər

Apr 21, 2026 - 15:23
 0  20
Maliyyə Nazirliyindən kütləvi həbslər: Qanunsuz ağac ixracı və saxta sənədlər

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz yollarla əldə edilmiş ağac materiallarının ixracı və külli miqdarda vəsaitin leqallaşdırılması faktları aşkarlanıb.

Xeber.ge xəbər verir ki, Gürcüstan Prokurorluğu ilə koordinasiyalı şəkildə keçirilən tədbirlər nəticəsində cinayətkar qrupun üzvü olan iki nəfər saxlanılıb.

  İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər mütəşəkkil cinayətkar sxem quraraq qanunsuz yollarla əldə edilmiş ağac materiallarına "qanuni don" geyindiriblər.

Onlar qanunsuz yolla kəsilmiş ağacların mənşəyini gizlətmək üçün fiktiv şirkətlərdən saxta sənədlərlə materiallar alıb və süni şəkildə məhsul qalıqları yaradıblar.

Saxta sənədləri Gəlirlər Xidmətinə təqdim edən cinayətkarlar, beləliklə, qanunsuz yollarla əldə edilmiş ağacları xarici bazarlara ixrac ediblər.

  Cinayətkar qrup müxtəlif şirkətlərin adından ümumilikdə 13 073 kubmetr fıstıq ağacı materialını ixrac edib. Bu əməliyyatlar nəticəsində 8 960 588 lari (təxminən 9 milyon lari) məbləğində qanunsuz gəlirin leqallaşdırılması həyata keçirilib.

 

·         Saxlanılan iki nəfərlə yanaşı, iş üzrə daha bir fiziki şəxsə və dörd hüquqi şəxsə qarşı rəsmi ittiham irəli sürüləcək.

·         Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 194-cü (Qanunsuz gəlirlərin leqallaşdırılması) və 210-cu (Saxta ödəniş sənədlərinin hazırlanması və istifadəsi) maddələri ilə cinayət işi başlanılıb.

Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Maliyyə Nazirliyinin İstintaq Xidməti xəbərdarlıq edib ki, ölkədə bu tip cinayətlərə qarşı nəzarət ciddi şəkildə gücləndirilib və qanunsuz gəlirlərin leqallaşdırılmasına yönəlmiş bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq.