Levan Xarabadze Kvemo Kartli qubernatoru vəzifəsinə təyin edilib

Bu gün, mayın 6-da “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze ölkənin beş regionuna
yeni dövlət nümayəndələri (qubernatorlar) təyin edib. Kvemo Kartli regionunda da dəyişiklik baş verib – Qiorqi Doxturişvilini Levan Xarabadze əvəz edib.
“İrakli Kobaxidze bu gün hökumət administrasiyasında regional inkişaf naziri Kaxa Quledani ilə birlikdə yeni təyin olunmuş dövlət nümayəndələri ilə görüş keçirib. Baş nazir regional inkişafın xüsusi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Regional İnkişaf Nazirliyinin ayrıca struktur kimi yaradılması bu sahəyə verilən prioritetin göstəricisidir”, – deyə "Gürcüstan hökumətinin" yaydığı bəyanatda bildirilir.
Levan Xarabadze 2024-cü ildən etibarən Qori, Kaspi, Kareli və Xaşuri bələdiyyələrində dövlət nümayəndəsi vəzifəsində çalışıb. Onun Daxili İşlər Nazirliyində 20 illik iş təcrübəsi var. 2020–2021-ci illərdə Samtsxe-Cavaxeti Polis İdarəsinin, 2021–2024-cü illərdə isə Quria Polis İdarəsinin direktoru vəzifələrində çalışıb.
mənbə: marneulifm