Kvemo Kartli polisi narkotik cinayəti ilə bağlı 3 nəfəri saxladı

Mar 21, 2025 - 13:21
 0  68
Kvemo Kartli polisi narkotik cinayəti ilə bağlı 3 nəfəri saxladı

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Kvemo Kartli bölgəsində narkotik cinayəti ilə bağlı 3 nəfər saxlanılıb, onlardan 2-si narkotik satıcısıdır. Nazirliyin açıqlamasına əsasən, saxlanılanlar 1982-ci il təvəllüdlü V.A., 1968-ci il təvəllüdlü İ.Q. və 1990-cı il təvəllüdlü S.Ş.-dir.

V.A. və İ.Q. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışı ittihamı ilə saxlanılıblar. S.Ş. isə 

külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılmasında ittiham olunur.

“İstintaq müəyyən edib ki, V.A. və İQ. narkotik vasitələri vətəndaşlara satırdılar. Hüquq-mühafizə orqanları, məhkəmə qərarı əsasında, dəfələrlə nəzarət edilən narkotik alqı-satqısını həyata keçirib və bu əməliyyatları gizli audio-video qeydlərlə sənədləşdirib. Polis, Kvemo Poniçala ərazisində saxlanılan narkotik satıcılarının yaşayış evlərində və yardımçı tikililərində axtarış aparıb və maddi sübut kimi satmaq üçün qablaşdırılmış heroin, marixuana, psixotrop maddə (pregabalin) və narkotik satışından əldə edildiyi ehtimal olunan pul ələ keçirib.

Bundan əlavə, S.Ş.-nin üzərinə baxış keçirilərkən metadon adlı narkotik maddə aşkar edilərək götürülüb” – deyə DİN-in açıqlamasında bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 5-ci hissələri, 261-ci maddənin 3-cü və 6-cı hissələri və 273-cü prima maddənin 5-ci hissəsi ilə aparılır. Bu cinayətlərə görə 17 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

mənbə: marneulifm