Kobaxidzeyə sual verilib: Baçiaşvili Pololikaşvilinin namizədliyinə görəmi dəyişdirildi?

“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidze cəmiyyətdə yayılan versiyaya – Qiorqi Baçiaşvilinin Zurab Pololikaşvilinin postuna dəyişdirilməsi ehtimalına münasibət bildirib. Onun sözlərinə görə, bu barədə danışmaq "çoxcəhətli təhqirdir."
“Bu, çoxcəhətli təhqiramiz versiyadır və belə versiyaların yayılması yolverilməzdir. Lakin biz bilirik, bu versiyaları kimlər yayır və onların dövlət maraqları ilə bağlı heç bir sərhədi yoxdur,” – deyə Kobaxidze bildirib.
O, Baçiaşvili ilə bağlı əlavə suallara cavab verməyib və bildirib ki, cəmiyyətə məlum olandan daha çox şey bilə bilər, lakin məlumat yaymaq Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) səlahiyyətindədir.
“Detallarla bağlı məlumatı, təbii ki, Dövlət Təhlükəsizlik Xidməti özü yayacaq – bu onların funksiyasıdır, onların məsuliyyətidir. Ümumilikdə, Dövlət Təhlükəsizlik Xidmətinə təşəkkür etmək istəyirəm ki, bu əməliyyatı uğurla və düzgün şəkildə həyata keçirdi. Əlbəttə, qanunun aliliyinin və hüququn icrasının təmin edilməsi hər istiqamətdə çox vacibdir,” – deyə Kobaxidze vurğulayıb.
Təxminən iki ay əvvəl ölkədən qaçmış iş adamı Qiorqi Baçiaşvili saxlanılıb. Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, 26 mayda anonim mənbə xəbər verib ki, Baçiaşvili Qırmızı körpü və Sadaxlı arasındakı “yaşıl sərhəddə” hərəkət edir.
Cəmiyyətdə belə bir versiya yayılıb: "Gürcü Arzusu" Qiorqi Baçiaşvilini Birləşmiş Ərəb Əmirliklərinə BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi vəzifəsinə namizədlik müqabilində təhvil verib – yəni BƏƏ Baçiaşvilini Gürcüstan sərhədinə qədər gətirib, orada DTX tərəfindən saxlanılıb, əvəzində Gürcüstan BƏƏ-nin namizədinə UNWTO-da dəstək verəcək.
Bu vəzifəni hazırda gürcü diplomat Zurab Pololikaşvili tutur (2018-ci ildən bəri). Onun ikinci müddəti 2025-ci ilin sonunda başa çatır. O, üçüncü müddətə də namizəd kimi irəli sürülmüşdü. Lakin təxminən iki həftə əvvəl məlum olub ki, “Gürcü Arzusu” onun namizədliyini geri çəkib və onun yerinə Gürcüstan adından BƏƏ-nin namizədi Şeyxa Al-Nuvaisə dəstək verəcək.
İrakli Kobaxidze bu məlumatı təsdiqləyib, lakin detalları açıqlamaqdan imtina edib. O, yalnız bir səbəbi qeyd edib: bəzi dövlətlər Gürcüstanın səfirlərini çağıraraq etirazlarını bildiriblər ki, Pololikaşvili üçüncü müddətə seçilməyə çalışır.
mənbə: marneulifm