Kobaxidzenin fikrincə, Trampın yaxın müttəfiqi Rubio “dərin dövlətin” təsiri altına düşüb

May 27, 2025 - 19:07
 0  25
Kobaxidzenin fikrincə, Trampın yaxın müttəfiqi Rubio “dərin dövlətin” təsiri altına düşüb

“ABŞ Dövlət Departamentindən təbrik yayımlandı, amma ünvançısı göstərilmədi. Əgər Amerika təbriklərini “dərin dövlət” müəyyənləşdirirsə, bunun bizim üçün heç bir dəyəri yoxdur,” – bu bəyanatı Gürcüstanın baş naziri İrakli Kobaxidze bu gün, 27 mayda verib.

Kobaxidze “ünvansız yayımlanmış bəyanat” deyərkən, Donald Trampın yaxın müttəfiqi, ABŞ dövlət katibi Marko Rubionun 26 Mayda Gürcü xalqını müstəqillik günü münasibətilə təbrik etməsini nəzərdə tutur – Rubionun bəyanatında hökumət qeyd olunmayıb. Kobaxidzenin fikrincə, bu bəyanatda “dərin dövlətin təsiri” açıq hiss olunur. O, həmçinin qeyd edib ki, ABŞ-ın səfiri Robin Danigan 26 mayda keçirilən hökumət tədbirində iştirak etməyib:

Əminəm ki, xanım Robin Danigan 26 may tədbirində iştirak etmək istəyirdi, amma ona bu imkan verilmədi – məhz “dərin dövlətin” təsirinə görə”, – deyə Kobaxidze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Dövlət Departamentinin ünvançısız təbriki düzgün yanaşma deyil və bu da “dərin dövlətin təsirindən” xəbər verir.
“Bizim ölkədə hakimiyyət xalqın seçdiyi hökumətdir və baş verən bu bölünmə süni, ədalətsiz və gürcü xalqı üçün təhqiramizdir. Gürcü xalqı hakimiyyəti seçir – bu, keçən ilin 26 oktyabrında baş verdi, 1 milyon 120 mindən çox insan hazırkı hökuməti dəstəklədi. Kiminsə bu nəticəni bəyənib-bəyənməməsi onların işi deyil – bu, gürcü xalqının seçimidir.”
Kobaxidze əlavə edib ki, ABŞ səfiri tədbirə gəlməyib və ilkin bəhanə onun Tbilisidə olmaması olub, sonradan isə ümumiyyətlə ölkədə olmadığı bildirilib.
“ABŞ-da bu gün Tramp administrasiyası ilə “dərin dövlət” arasında mübarizə gedir. Bu vəziyyətdə aydın görünür ki, Dövlət Departamenti daxilində “dərin dövlət” üstünlük təşkil edir. Gördüyümüz aktlar da bunun nəticəsidir.”

Kobaxidzenin fikrincə, bu yanlış və təkəbbürlü münasibətdir:
Təkəbbürlü davranışın heç bir əsası yoxdur. “Dərin dövlət” üstünlük təşkil edir – bunu görürük. Əgər “dərin dövlət” ABŞ adından yayımlanan təbrikləri müəyyənləşdirirsə, o zaman bu təbriklərin bizim üçün heç bir dəyəri yoxdur.”
O, bu sistemi bürokratiyada yuvalanmış bir rejim adlandırıb və bildirib ki, bu məsələdə Tramp administrasiyasının “dərin dövlətə” qalib gələcəyinə ümid bəsləyir:
“Ümid edirəm, Tramp administrasiyası “dərin dövlətə” qalib gələcək. Bu, Gürcüstan-ABŞ münasibətlərinin sağlamlaşdırılması üçün vacibdir.”
ABŞ Dövlət Katibi Marko Rubionun təbriki belə idi:
Amerika Birləşmiş Ştatları adından Gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. 30 ildən artıqdır ki, xalqlarımız arasında dostluq və tərəfdaşlıq demokratiya, suverenlik və daha yaxşı gələcəyə can atma kimi ortaq dəyərlərə əsaslanır. Bu gün biz gürcü xalqının gücünü, dözümünü və aramızdakı möhkəm əlaqələri qeyd edirik. Gürcü xalqının azadlığa və müstəqilliyə olan sevgisi və sədaqəti ilhamvericidir. ABŞ Gürcüstanın təhlükəsiz və firavan gələcək arzularına uyğun tərəfdaşlığa sadiqdir.”

Qeyd: “Dərin dövlət” (deep state) və “qlobal müharibə partiyası” ifadələri “Gürcü Arzusu” partiyasının yaratdığı konspirasiya nəzəriyyələrinin bir hissəsidir. Bu nəzəriyyəyə görə, guya Qərb siyasətçiləri, qeyri-hökumət təşkilatları, media, müxaliflər və diplomatlar birləşərək Gürcüstanı Rusiya ilə müharibədə ikinci cəbhəyə çəkməyə çalışırlar. Lakin bu iddiaların heç bir sübutu təqdim olunmayıb. Bu “qlobal müharibə partiyası” daha sonra “dərin dövlət” adlandırılmağa başlanıb.

mənbə: marneulifm