Kaladze ərəb layihəsi barədə: Gürcüstan hökumətinin payı 33%-dir
Tbilisi meri Kaxa Kaladze bildirib ki, ərəb inkişaf şirkəti "Eagle Hills Georgia" layihəsində Gürcüstan hökumətinin payı
33%-dir və “əlavə olunan gəlirlər birbaşa büdcəyə gedəcək və səhiyyə proqramlarına, sosial məsələlərə, o cümlədən pensiyaların artırılmasına və s.-yə xərclənəcək.”
“Bu layihə ilə bağlı, ilkin mərhələdə, opponentlərimizin belə bir narativləri vardı ki, biz yalan danışırıq və ərəb şirkəti belə bir investisiya ilə maraqlanmır. Hər şey rəsmi olaraq təsdiqləndikdən sonra ərəb investorları Gürcüstana gəldilər və layihənin başlanğıcı elan olundu, onlar öz narativlərini dəyişdirdilər və mümkün qədər bu investisiyaya zərər vurmağa çalışırlar.
Əlbəttə ki, layihə həyata keçiriləcək. Tikinti işləri yaxın gələcəkdə başlayacaq. Torpaq mövcuddur, əvvəlcə layihə hazırlanmalı və təsdiq olunduqdan sonra investisiyanın açıqlanması başlayacaq. Bu adi bir prosesdir.
Gürcüstan iqtisadiyyatının inkişafı üçün bu çox önəmlidir, çünki bu miqdarda – 6,5 milyard dollar məbləğində birbaşa investisiya ölkəmizə heç vaxt daxil olmayıb. Bu yalnız iqtisadiyyata və iş yerlərinin yaradılmasına fayda verməyəcək, həmçinin yerli tikinti şirkətlərini daha da gücləndirəcək. Bu layihədə Gürcüstan hökumətinin payı 33%-dir. Əldə olunan gəlirlər birbaşa büdcəyə gedəcək – səhiyyə proqramlarına, sosial məsələlərə, o cümlədən pensiyaların artırılmasına və s.-yə xərclənəcək,” – deyə Kaladze bildirib.
Jurnalistin, ərəb şirkəti ilə bağlanmış müqavilənin niyə açıqlanmadığına dair sualına Kaladze cavab verib: “Gizlədiləsi heç nə yoxdur, iqtisadiyyat naziri çıxış etdi və bütün detalları tam açıq və şəffaf şəkildə izah etdi.”
Ərəb inkişaf şirkəti “Eagle Hills Georgia”nın satış ofisi və şourumu “Rustaveli” kinoteatrının binasının birinci mərtəbəsində yerləşdirilib. Şourum “Gürcü Arzusu” partiyasının üzvləri tərəfindən 21 oktyabrda təntənəli şəkildə açılıb.
İrakli Kobaxidzenin sözlərinə görə, şirkət 6 milyard dollardan çox investisiya həyata keçirəcək. Şirkət nümayəndələrinin məlumatına görə, “Eagle Hills” Gürcüstanda iki nəhəng layihə həyata keçirəcək: Tbilisidə, Krtsanisi rayonunda – 600 hektarda yeni “Yaşıl Şəhər” və Batumidə, keçmiş poliqon ərazisində – 250 hektarda “premium sinifli turizm kurortu.”
mənbə: marneulifm