Gürcüstanın Cinayət Məcəlləsinə "Vətənə xəyanət" maddəsi əlavə olunacaq

Feb 17, 2025 - 21:24
 0  51
Gürcüstanın Cinayət Məcəlləsinə "Vətənə xəyanət" maddəsi əlavə olunacaq

Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasının qərarına əsasən, Cinayət Məcəlləsinə "Vətənə xəyanət" maddəsi əlavə ediləcək.

Bu barədə partiyanın icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze çoxluq iclasının ardından keçirdiyi brifinqdə məlumat verib.

Mdinaradzenin sözlərinə görə, bu maddə vaxtilə "Vahid Milli Hərəkat" tərəfindən qanunvericilikdən çıxarılıb.

"Bugünkü iclasda çoxluq tərəfindən təsdiqlənmiş əsas qərarlardan biri budur. Qərarımıza əsasən, Gürcüstanın Cinayət Məcəlləsinə "Vətənə xəyanət" maddəsi əlavə ediləcək. Daha dəqiq desək, bu maddə bərpa olunacaq. Çünki vaxtilə "Vahid Milli Hərəkat" bunu qanunvericilikdən çıxarmışdı. Maraqlı məqam isə odur ki, bu addım 2008-ci il avqust müharibəsindən əvvəl, 2007-ci ilin aprel ayında atılmışdı", – deyə Mdinaradze vurğulayıb.

Qeyd edək ki, yeni qanun layihəsinin konkret detallarını və hansı hallarda tətbiq olunacağını Gürcüstan parlamenti müzakirə edəcək.

mənbə: interpress