Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi artıb
Bu ilin birinci rübündə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 322,2 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə dəyər 5,47% artıb.
Yanvar-martda Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsində payı 5,5%-ə bərabər olub. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin əsas ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beçinci yeri tutub.
Gürcüstandan Azərbaycana 138,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 1,2% azdır. Azərbaycan Gürcüstanın ixracında 8% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Çin, Qırğızıstan, Rusiya və Türkiyədən sonra beşinci olub.
Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə illik müqayisədə 10,1% artaraq 183,4 milyon ABŞ dolları təşkil edib. Azərbaycan 4,4% payla qonşu ölkənin əsas idxal tərəfdaşları sırasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı sırada qərarlaşıb.
Hesabat dövründə Gürcüstan ümumilikdə 5,86 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2% çoxdur. İxracın dəyəri 1,72 milyard ABŞ dolları, idxalın dəyəri isə 4,14 milyard ABŞ dolları səviyyəsində olub.
mənbə: apa