Gürcüstanda süd məhsulları üçün xüsusi markalanma tətbiq olunacaq
Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə süd və süd məhsulları istehsalçıları üçün yeni qaydalar müzakirə edilib.
Xeber.ge xeber verir ki, Gürcüstan hakimiyyəti beynəlxalq standartlara uyğun olaraq süd məhsulları üçün xüsusi markalanma tətbiq etmək qərarına gəlib.
"Məqsədimiz istehlakçılara məhsulları bir-birindən dəqiq fərqləndirmək və nə qəbul etdikləri barədə məlumatlı olmaq imkanı yaratmaqdır.
Biz heç bir məhsulu məhdudlaşdırmırıq, əksinə, Gürcüstanın süd sektorunu gücləndirir və fermerlərin inkişafına kömək edirik", – deyə Kənd Təsərrüfatı naziri David Sonqulaşvili bildirib.
Hazırda Gürcüstanda könüllü keyfiyyət nişanı fəaliyyət göstərir ki, burada istehsalçı məhsulun 100% təbii süddən ibarət olduğunu qeyd edir.
Yeni qaydalara əsasən, tərkibində bitki yağları olan həm yerli, həm də idxal olunan məhsullar üçün aydın vizual markalanma icbari xarakter alıb.
Milli Qida Agentliyi kənd təsərrüfatı bazarlarında və ticarət şəbəkələrində süd məhsullarının satışına nəzarəti gücləndirəcək.
Qeydiyyat statusundan sui-istifadə hallarının qarşısını almaq üçün müvafiq normativ aktlara da yenidən baxılacaq.
Paralel olaraq, dövlət coğrafi göstəricilər və mənşə yerlərinin adlarını göstərməklə ənənəvi Gürcüstan məhsullarını, o cümlədən pendir və qatığı təşviq edəcək.
Süd və Süd Məhsulları İstehsalçıları Assosiasiyasının nümayəndələri hakimiyyətin bu təşəbbüsünü dəstəkləyiblər.
Nazirlik ticarət nöqtələrinin tam tənzimlənməsini təmin etmək üçün islahatı mərhələli şəkildə tətbiq etməyi planlaşdırır.