Gürcüstanda skandal: Əsgər və polislərə həyat üçün təhlükəli konservlər yedizdirilib

Feb 20, 2026 - 15:26
 0  20
Gürcüstanda skandal: Əsgər və polislərə həyat üçün təhlükəli konservlər yedizdirilib

Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət təhlükəsizliyi strukturlarını saxta və insan həyatı üçün təhlükəli qida məhsulları ilə təmin edən şəxsi saxlayıb.

Xeber.ge xəbər verir ki, keçirilən brifinqdə bildirilib ki, "Batono" MMC-nin rəhbəri daxili işlər və müdafiə nazirliklərinin əməkdaşları üçün nəzərdə tutulmuş saxta balıq konservlərinin istehsalı və satışı faktı üzrə qandallanıb.

İstintaqın gəldiyi ən dəhşətli nəticə budur ki, polis və orduya verilən qidalar o dərəcədə toksik olub ki, bəzi hallarda ekspertiza aparmaq mümkün olmayıb. Bildirilir ki, konservlərin tərkibi laboratoriya şəraitində araşdırılarkən yüksək toksiklik səviyyəsi birbaşa ekspertlərin həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Məlum olub ki, təqsirləndirilən şəxs 2025-ci ildə dövlət tenderi çərçivəsində bağlanan müqavilə əsasında Sərhəd Polisinə və "Dövlət Qidalanma Təminatı" MMC-yə ümumilikdə 380 792 lari dəyərində, 24 tondan çox balıq konservi tədarük edib.

İstintaq tədbirləri zamanı istehsalat sahəsindən və anbarlardan 17 241 ədəd saxta balıq konservi müsadirə edilib. Yoxlamalar zamanı xammalın saxlanma şəraitinin qida təhlükəsizliyi tələblərinə qətiyyən cavab vermədiyi aşkar olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 197-ci maddəsinin 3-cü hissəsi (saxta məhsul istehsalı və satışı) ilə cinayət işi başlanılıb. Saxlanılan şəxsi 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda bu təhlükəli məhsulların dövriyyədən tamamilə çıxarılması istiqamətində əməliyyat tədbirləri davam edir.