Kobaxidze ilə Zelenski görüşdü
Gürcüstan və Ukrayna rəhbərliyi arasında uzunmüddətli fasilədən sonra mühüm diplomatik təmas baş tutub.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Gürcüstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş Ukrayna tərəfinin təşəbbüsü ilə reallaşıb.
Tərəflər iki ölkə arasındakı mövcud münasibətləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak edib.
Qeyd edək ki, bu, 2021-ci ilin avqustundan bəri Tiflis və Kiyev arasında yüksək səviyyəli ilk rəsmi təmasdır. Sonuncu dəfə analoji görüş Gürcüstanın eks-baş naziri İrakli Qaribaşvilinin Ukraynaya səfəri zamanı baş tutmuşdu.
Xatırladaq ki, bir müddət əvvəl İrakli Kobaxidze Zelenskinin tənqidlərinə cavab verməkdən imtina edərək, müharibə şəraitində olan ölkənin rəhbəri ilə mübahisəyə girməyi lazımsız hesab etdiyini bildirmişdi.
mənbə: publika