Gürcüstanda seçkilərə xaricdən müdaxilə cəhdləri olub
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili müxalifətdə müşahidə olunan prosesləri tənqid edib və xaricdən Gürcüstanın seçki prosesinə müdaxilə edildiyini iddia edib.
Ş.Papuaşvili jurnalistlərə bildirib ki, zəhərli toxumlardan nəcib meyvə yetişə bilməz.
"Müxalifətdə müşahidə etdiyimiz budur. Kökündən zəhərlənən şeydən yaxşı heç nə çıxmayacaq", – deyə o qeyd edib.
Parlament sədri hakim komandanın müxalifətdə baş verən proseslərin ictimaiyyət üçün bir çox məsələyə aydınlıq gətirməsinə imkan verdiyini deyib.
Onun sözlərinə görə, seçki kampaniyalarının maliyyələşdirilməsi ilə bağlı xaricdən müxtəlif kanallar vasitəsilə siyasi partiyalara pul axını olub. Spiker hazırda müzakirə olunan 40 milyonluq maliyyə məsələsinin də bu kontekstdə araşdırıldığını bildirib.
Parlament sədri müxalifətin seçki kampaniyalarında "qara pul"dan istifadə edildiyini və bəyan edilməmiş gəlirlərlə bağlı məsələlərin ortaya çıxdığını iddia edib. Onun sözlərinə görə, müxtəlif maliyyə kanallarından və insanlardan xarici xüsusi xidmət orqanlarından pul gətirilməsi məqsədilə istifadə olunub.