Gürcüstanda saxta sənəd hazırlayan şəxs DTX tərəfindən saxlanılıb

Mar 31, 2026 - 15:53
 0  21
Gürcüstanda saxta sənəd hazırlayan şəxs DTX tərəfindən saxlanılıb

.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti rəsmi sənədlərin saxtalaşdırılması və satışı faktı ilə bağlı bir nəfəri saxlayıb.

Xeber.ge xəbər verir ki, DTX-nin Antiterror Mərkəzi tərəfindən Tbilisi və Qardabani bələdiyyəsində həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində saxta sənəd istehsalı ilə məşğul olan şəxs ifşa edilib.

İstintaqla müəyyən edilib ki, Gürcüstan vətəndaşı olan həmin şəxs öz yaşayış evində sistemli şəkildə Gürcüstan və xarici ölkələrə məxsus saxta şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələri hazırlayıb. O, hazırladığı saxta sənədləri müəyyən məbləğ müqabilində xaricdəki sifarişçilərə və vasitəçilərə poçt vasitəsilə göndərib.

Saxlanılan şəxsin evinə baxış zamanı saxta sənədlərin hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar, kompüter texnikası, onlarla çap olunacaq plastik kart, xaricə göndərilməyə hazır olan sürücülük vəsiqələri və mobil telefonlar aşkar olunaraq götürülüb. Həmçinin "Gürcüstan Poçtu"ndan xaricə təcili çatdırılma üçün nəzərdə tutulan saxta sənədlər də maddi sübut kimi müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsi (Saxta sənəd hazırlama və satma) ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.