Gürcüstanda su və qaz tarifləri istehlak həcminə görə fərqləndirilə bilər

Oct 27, 2026 - 14:11
Oct 27, 2026 - 15:11
 0  16
Gürcüstanda su və qaz tarifləri istehlak həcminə görə fərqləndirilə bilər

Gürcüstanın Enerji və Su Təchizatını Tənzimləyən Milli Komissiyası (GNERC) əhali üçün su və təbii qaz tariflərini istehlak olunan resursun həcminə uyğun olaraq fərqli müəyyən etmək hüququ əldə edə bilər.

XEBER.GE xeber  verir ki, Parlament müvafiq qanunvericilik dəyişiklikləri paketinə sürətləndirilmiş qaydada baxır. Təqdim olunan layihəyə əsasən, komissiyaya bu səlahiyyət su təchizatı sahəsində 2036-cı il yanvarın 1-dək, təbii qaz sektorunda isə 2038-ci il yanvarın 1-dək veriləcək.

Qanun layihəsinin müəllifləri “Gürcü Arzusu” partiyasının deputatları Şota Berekaşvili, Giorgi Barvenaşvili, Tornike Berekaşvili, Levan Maçavariani, Anton Obo­laşvili və İrakli Mezurnişvilidir.

Təşəbbüskarların izahına görə, bu modelin tətbiqi əhalinin, xüsusilə də həssas qrupların sosial maraqlarının qorunmasına və kommunal xidmətlərə əlçatanlığın təmin edilməsinə xidmət edir.

Qanun layihəsinin izahat sənədində qeyd olunur ki, hazırda məişət istehlakçıları üçün təbii qaz tarifləri paylayıcı şirkətlərin fəaliyyət göstərdiyi ərazilərə uyğun müəyyən edilir. İstehlak olunan qazın hər kubmetri üçün tarif isə istifadə həcminə görə dəyişmir.

Dəyişikliklərin zəruriliyi əhalinin, o cümlədən həssas qrupların sosial maraqlarının qorunması, əsas xidmət və məhsullara əlçatanlığın saxlanılması ehtiyacı ilə izah olunur.

Qanun layihəsinə əsasən, tarif tənzimlənməsinin əsas prinsipləri dəyişməyəcək. Təklif olunan mexanizm keçid dövründə sosial riskləri azaltmaq və müxtəlif istehlakçı qrupları üçün tarif dəyişikliklərini mərhələli şəkildə həyata keçirmək məqsədi daşıyır.

Sənəddə bildirilir ki, əhalinin alıcılıq qabiliyyəti və kommunal xərclərə yüksək həssaslığı nəzərə alınaraq, komissiyanın su təchizatı və kanalizasiya xidmətlərinin qiymətini müxtəlif istehlakçı kateqoriyaları arasında fərqli nisbətlərdə bölüşdürmək səlahiyyətinin saxlanılması məqsədəuyğundur.

Bundan əlavə, komissiya 2036-cı il yanvarın 1-dək su təchizatı, 2038-ci il yanvarın 1-dək isə təbii qaz üzrə məişət istehlakçılarının istifadə həcminə əsasən fərqli tariflər müəyyən edə biləcək.