Gürcüstanda plastik butulkalarda içkilərin satışı qadağan oluna bilər

Feb 11, 2026 - 19:06
 0  6
Gürcüstanda plastik butulkalarda içkilərin satışı qadağan oluna bilər

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili "İctimai Yayım"ın efirində plastik butulkalardan istifadənin mərhələli şəkildə qadağan olunacağını açıqlayıb.

Xeber.ge xeber  verir ki, tətbiq ediləcək yeni tənzimləmələr üç əsas mərhələdən ibarət olacaq:

·         İyulun 1-dən (II mərhələ): İctimai iaşə obyektlərində (restoranlar, kafelər) və otellərdə (HoReCa sektoru) plastik butulkalarda olan istənilən içkinin satışı və istifadəsi qadağan ediləcək.

·         Gələn ilin fevralından (III mərhələ): Ölkə daxilindəki bütün ticarət şəbəkələrində və marketlərdə su daxil olmaqla, plastik qablaşdırmada olan içkilərin satışı tamamilə dayandırılacaq.

Nazir müavini qeyd edib ki, ixrac olunan məhsullara bu məhdudiyyət şamil edilmir, söhbət yalnız daxili bazardan gedir. Həmçinin, qiymət artımının qarşısını almaq məqsədilə bitki yağlarının plastik qablarda satışı hələlik icazəli qalacaq.

Məhdudiyyətlərin detalları:

·         Su satışı: Yalnız 10 litrdən böyük həcmli plastik qablarda su satışına icazə veriləcək. Bu, bəzi bölgələrdə su təminatındakı fasilələr nəzərə alınaraq qəbul edilmiş bir istisnadır. 10 litrə qədər olan bütün plastik su butulkaları isə qadağan olunacaq.

·         Qiymətlər: S. Pavliaşvilinin sözlərinə görə, qısa müddətli dövrdə qablaşdırma materialının dəyişməsi səbəbindən içkilərin qiymətində artım müşahidə oluna bilər. Lakin uzunmüddətli perspektivdə çoxdəfəlik qablara keçid xərclərin minimallaşdırılmasına gətirib çıxaracaq.

Məqsəd ölkənin ekoloji vəziyyətini yaxşılaşdırmaq və plastik tullantıların miqdarını azaltmaqdır. Hökumət bu təşəbbüsü biznes sektoruna hazırlıq üçün vaxt verərək mərhələli şəkildə həyata keçirməyi planlaşdırır.