Gürcüstanda orta aylıq əməkhaqqı 2 363 lariyə yüksəlib

Jun 16, 2026 - 12:36
 0  5
Gürcüstanda orta aylıq əməkhaqqı 2 363 lariyə yüksəlib

Gürcüstan Milli Statistika Xidmətinin rəsmi məlumatlarına görə, 2026-cı ilin I rübündə ölkədə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.9% (193.7 lari) artaraq 2 363.8 lari təşkil edib.

XEBER.GE xəbər verir ki, hesabatda əməkhaqlarında gender fərqi və sektorlar üzrə göstəricilər də yer alıb. Bununla belə, qeyd olunur ki, cari ilin I rübünün göstəriciləri 2025-ci ilin IV rübü ilə müqayisədə azalıb.

Statistikaya əsasən, 2026-cı ilin I rübündə qadınların orta aylıq əməkhaqqı 1 901.8 lari, kişilərin rəsmi gəliri isə 2 836 lari olub. İllik artım dinamikasına gəlincə, qadınların maaşında 157.7 lari (9%), kişilərin maaşında isə 234.7 lari (9%) artım qeydə alınıb. Fəaliyyət növlərindən asılı olmayaraq, bütün iqtisadi sektorlarda kişilərin qazancı qadınların məvacibini qabaqlayıb.

İqtisadi fəaliyyət növlərinə görə ən yüksək orta aylıq əməkhaqqı aşağıdakı sahələrdə qeydə alınıb:

  • Maliyyə və sığorta fəaliyyəti: 5 952.5 lari (illik artım 7.9%)
  • İnformasiya və rabitə (İT): 4 290.7 lari (illik artım 3.1%)
  • Dağ-mədən sənayesi və karxanaların işlənməsi: 3 230.4 lari (illik artım 11.8%)
  • Peşəkar, elmi və texniki fəaliyyətlər: 3 186.0 lari (illik artım 7.1%)

Biznes (özəl) sektorunda muzdla işləyənlərin orta aylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 166.3 lari (7.7%) artaraq 2 335.9 lari olub. Bu sektorda ən yüksək gəlirlər informasiya-rabitə (4 358.6 lari) və peşəkar-elmi sahələrdə (3 632.7 lari) çalışanların payına düşüb.

Qeyri-sahibkarlıq (dövlət) və maliyyə sektorunda isə orta aylıq əməkhaqqı illik müqayisədə 242.8 lari (11.2%) artaraq 2 413.7 lari təşkil edib. Bu qrupda da ən yüksək göstərici maliyyə və sığorta sahəsində qeydə alınıb.