Gürcüstanda kilsəyə qarşı vandallıq: Erməni və pravoslav ikonaları zibilliyə atılıb
Gürcüstanın Mardi kilsəsində dini ayinlərin icrasına mane olan vandallıq aktı qeydə alınıb.
Xeber.ge xəbər verir ki,naməlum şəxslər kilsədəki erməni apostol və pravoslav ikonalarını çıxararaq zibil qutusunun yanına atıblar.
İlkin məlumatlara görə, insident mayın 10-u gecə saatlarında baş verib.
Erməni Apostol Kilsəsinin rəhbəri keşiş Akop Saakyan bildirib ki, kilsədəki bütün ikonalar, o cümlədən pravoslav ikonaları tamamilə çıxarılıb.
Demək olar ki, bütün müqəddəs təsvirlər zibil qutusunun yanında aşkar edilib.
İkonalar yenidən kilsəyə qaytarılıb və hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.
Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 155-ci maddəsi (Dini ayinlərin icrasına qanunsuz mane olma) ilə istintaq başladıb.
Hazırda hadisəni törədən şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.