Gürcüstanda kanadalı tələbə narkotik ittihamı ilə həbs olundu

Jun 6, 2026 - 19:01
 0  20
Gürcüstanda kanadalı tələbə narkotik ittihamı ilə həbs olundu

Gürcüstanda kanadalı tələbə narkotik cinayətləri ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Xeber.ge xəbər verir ki, 22 yaşlı Simon Rovenskinin  həbs olunmasına səbəb onun üzərindən tapılan psixotrop tərkibli dərman preparatı olub.

Təqsirləndirilən gəncin ailə üzvlərinin və yaxınlarının iddialarına görə, Simon Rovenski Tbilisi beynəlxalq hava limanında sərhəd-keçid məntəqəsində diqqət əskikliyi və hiperaktivlik pozuntusunun (ADHD) müalicəsində istifadə olunan "Adderall" preparatına görə saxlanılıb.

Yaxınları bildirirlər ki, kanadalı tələbənin üzərində sözügedən dərmanın cəmi bir aylıq tədarükü olub.

Lakin onun yanında rəsmi həkim reseptinin gürcü dilinə tərcüməsi və təsdiqi olmadığı üçün ölkə qanunvericiliyinə əsasən bu maddə ağır narkotik vasitə kimi təsnif edilib.

Hazırda 22 yaşlı Simon Qldani həbsxanasında (2 nömrəli cəzaçəkmə müəssisəsi) saxlanılır. Gürcüstan qanunvericiliyinə əsasən, bu növ narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalına görə tələbəni 8 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. İş üzrə növbəti məhkəmə prosesi bu il iyunun 25-nə təyin olunub.

Kanadalı tələbənin ailəsi rəsmi müraciət yayaraq ictimaiyyətdən və vətəndaşlardan kömək istəyib. Rovenski ailəsi bildirib ki, toplanan vəsait vəkillərin xidmət haqqına və digər məhkəmə xərclərinə yönəldiləcək.

Eyni zamanda, ailə məsələyə beynəlxalq medianın və nüfuzlu insan hüquqları müdafiəsi təşkilatlarının diqqətini cəlb etməyi planlaşdırır.