Gürcüstanda İnterpol tərəfindən axtarılan 14 Türkiyə vətəndaşı saxlanılıb

Mar 5, 2026 - 18:50
 0  9
Gürcüstanda  İnterpol tərəfindən axtarılan 14 Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstan və Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində Gürcüstanın müxtəlif bölgələrində Türkiyənin 14 vətəndaşı saxlanılıb.

 Xeber.ge xeber  verir ki,  bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktor müavini İrakli Dondoladze Türkiyə tərəfi ilə birgə keçirdiyi brifinqdə məlumat verib.

İnterpolun "Qırmızı bülleteni" ilə axtarılanlar Bildirilib ki, saxlanılan şəxslərdən 11-i son 5 il ərzində Türkiyə polisi tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilib, 3-ü isə milli səviyyədə axtarışda olub. İ. Dondoladze qeyd edib ki, şübhəlilərin əksəriyyəti beynəlxalq axtarış elan edilməzdən əvvəl Gürcüstana daxil olub, bir qismi isə sərhədi qanunsuz keçib.

  Saxlanılanlar arasında ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxslər var. Onlara qarşı irəli sürülən ittihamlar sırasına aşağıdakılar daxildir:

  • Narkotik və psixotrop maddələrin istehsalı və satışı;
  • Qəsdən adam öldürmə və sağlamlığa ağır zərər vurma;
  • Odlu silahın qanunsuz dövriyyəsi;
  • Yetkinlik yaşına çatmayanlara qarşı əxlaqsız hərəkətlər;
  • Kriminal təşkilata üzvlük və 26 epizod üzrə dələduzluq;
  • Cəzadan yayınma və hədə-qorxu ilə tələb etmə.

  Əməliyyatın planlaşdırılmasında Gürcüstan DİN və Baş Prokurorluğu ilə yanaşı, Türkiyə İnterpolunun Milli Bürosu, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Türkiyənin Gürcüstandakı polis attaşeləri iştirak ediblər. Hazırda saxlanılan şəxslərin Türkiyə ədalətinə təslim edilməsi üçün qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir.

İrakli Dondoladze iki ölkə arasındakı sıx əməkdaşlığın mütəşəkkil cinayətkarlıqla mübarizədə effektiv rolunu xüsusi vurğulayaraq türk həmkarlarına təşəkkür edib.