Gürcüstanda Baş İnspeksiyası polis əməkdaşlarının qanunsuz əməllərini ifşa etdi
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Baş İnspeksiyası tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Mühafizə Polisi və Patrul Polisi departamentlərinin əməkdaşları saxlanılıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin müfəttişi, 1982-ci il təvəllüdlü İakob Katsadze rüşvət almaqda ittiham olunur. O, müəyyən pul qarşılığında DİN-in Məlumat Mərkəzinin məxfi bazalarından müxtəlif şəxslər barədə qanunsuz məlumatlar çıxararaq kənar şəxslərə ötürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 338-ci maddəsi (rüşvət alma) ilə iş başlanılıb. Onu 6 ildən 9 ilədək həbs cəzası gözləyir.
Digər həbs Mühafizə Polisi Departamentində baş verib. Acarıstan Mühafizə Polisi Baş İdarəsinin rəisi, 1981-ci il təvəllüdlü Karlo Uruşadze vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunur.
İstintaqın məlumatına görə, o, tabeliyində olan əməkdaşlara iriölçülü yüklərin müşayiəti ilə bağlı sənədlərə saxta məlumatlar daxil etməyi tapşırıb. Belə ki, o, faktiki olaraq xidmət göstərməyən yaxın dostlarını sənədlərdə icraçı kimi göstərərək onlara dövlət büdcəsindən mütəmadi olaraq əlavə pulların (mükafatların) köçürülməsini təmin edib.
Bu fakt üzrə istintaq 332-ci və 341-ci maddələrlə aparılır. Bu maddələr 2 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.