Gürcüstanda anomal hava xəbərdarlığı

May 28, 2026 - 16:00
 0  70
Gürcüstanda anomal hava xəbərdarlığı

Gürcüstan Milli Ətraf Mühit Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı təcili xəbərdarlıq yayıb.

Xeber.ge xəbər verir ki, mayın 29-30-da ölkədə dağıdıcı təbii fəsadlara yol aça biləcək əlverişsiz hava şəraiti gözlənilir.

Sinoptiklərin proqnozlarına görə, qeyd olunan tarixlərdə Gürcüstanın əksər bölgələrində intensiv yağıntı qeydə alınacaq, bəzi yerlərdə isə leysan yağışları xüsusilə güclü olacaq. Hava şəraiti ilə bağlı aşağıdakı xəbərdarlıqlar edilib:

Yağıntılar zamanı güclü şimşək çaxacağı və bəzi rayonlara dolu düşəcəyi ehtimalı var.

Ölkə boyu güclü qərb küləyi əsəcək. Ölkənin şərq hissəsində, xüsusən də paytaxt Tbilisidə küləyin sürəti vaxtaşırı olaraq fırtına və qasırğa həddinə çatacaq.

Qara dəniz sahillərində dalğanın hündürlüyü kəskin artacaq, dənizdə 4-5 ballıq güclü ştorm proqnozlaşdırılır.

 Milli Ətraf Mühit Agentliyinin rəsmi açıqlamasında anomal yağıntıların yarada biləcəyi infrastruktur və təbiət fəsadları da xüsusi vurğulanıb. Bildirilir ki, gözlənilən güclü leysan yağışları səbəbindən Gürcüstanın əsas çaylarında suyun səviyyəsi əhəmiyyətli dərəcədə artacaq, kiçik çaylarda isə qəfil sululuq və daşqınlar (tsqalmovardnebi) baş verə bilər.

Bununla yanaşı, ölkənin dağlıq və təpəlik zonalarında torpaq sürüşməsi və sel proseslərinin (meytsrul-ğvartsopuli) aktivləşməsi riski mövcuddur. Ekspertlər mövcud təbiət fəlakəti təhlükəsini orta səviyyəli (savaşalo) olaraq qiymətləndiriblər.

Aidiyyəti qurumlar əhalini, xüsusən də dağlıq bölgələrdə və çay kənarlarında yaşayan sakinləri, həmçinin sürücüləri diqqətli və ehtiyatlı olmağa çağırır.