Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
2027-2028-ci tədris ilindən etibarən xarici ölkə vətəndaşları Gürcüstanın ali məktəblərinə imtahansız qəbul ola biləcəklər.
Bununla bağlı Gürcüstan hökuməti qərar qəbul edib.
Yeni qaydalara əsasən, tam ümumi təhsil almış əcnəbi abituriyent universitetə təhsil proqramı üzrə dil biliklərini təsdiqləyən beynəlxalq sertifikat təqdim etməli və yaxud Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində dil üzrə imtahan verməlidir. Gürcü dilində tədris olunan proqramlar üçün isə dövlət dili üzrə biliklərin təsdiq edilməsi tələb olunacaq.
Dil bilikləri üzrə minimal tələb olaraq bakalavr proqramları üçün B1, magistratura proqramları üçün isə B2 səviyyəsi müəyyən edilib. Təqdim olunan beynəlxalq sertifikat etibarlı olmalı, sənədin verilməsindən üç ildən çox vaxt keçməməlidir.
Magistr dərəcəsinə iddialı bakalavrlardan xarici ölkədə əldə edilmiş ali təhsil üzrə müvafiq akademik dərəcəni təsdiq edən sənəd də tələb olunacaq.
Qeyd edək ki, bu ildən Gürcüstanın dövlət ali məktəblərində ölkə vətəndaşları üçün təhsil ödənişsiz olduğundan 2026-2027-ci tədris ili üzrə əcnəbi tələbələrin qəbulu aparılmayıb. Təhsil islahatları çərçivəsində tətbiq olunan yeni qayda özəl univeristetlərə şamil olunmayıb.
Gürcüstanda xarici ölkə vətəndaşları üçün ali təhsil ödənişlidir. Orta illik təhsil haqqı universitet və seçilmiş proqramın dilindən asılı olaraq 1 500 – 8 000 ABŞ dolları təşkil edir.