Gürcüstan parlamenti avtomobillərin gömrük rüsumlarının artırılmasını təsdiqləyib

Apr 1, 2026 - 17:12
 0  47
Gürcüstan parlamenti avtomobillərin gömrük rüsumlarının artırılmasını təsdiqləyib

Gürcüstan parlamenti Vergi Məcəlləsinə avtomobillərin idxalı zamanı tətbiq edilən aksiz dərəcələrinin artırılmasını nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Xeber.ge xəbər verir ki, sənədin lehinə 72, əleyhinə isə 11 deputat səs verib.

Yeni qaydalara əsasən, aprelin 1-dən etibarən idxal olunan nəqliyyat vasitələri üçün aşağıdakı tariflər qüvvəyə minir:

·         0-6 yaşlı avtomobillər üçün: mühərrikin hər kub santimetrinə görə rüsum 1,5 lari təşkil edəcək.

·         6 yaşdan yuxarı avtomobillər üçün: bu məbləğ 4,5 lari müəyyən edilib.

Məlumat üçün bildirək ki, indiyədək qüvvədə olan qanunvericiliyə görə, 6-9 yaşlı avtomobillərin gömrük rəsmiləşdirilməsi tarifi cəmi 80 tetri idi. Sükanı sağ tərəfdə olan avtomobillər üçün isə aksiz dərəcəsinin üçqat məbləği tətbiq olunacaq.

İclas zamanı müxalif faksiyanın təqdim etdiyi alternativ layihə kifayət qədər səs toplamadığı üçün rədd edilib. Həmin təklifdə 0-10 yaşlı avtomobillər üçün mövcud tariflərin saxlanılması, 4,5 larilik yüksək rüsumun isə yalnız 10 ildən köhnə nəqliyyat vasitələrinə şamil edilməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze fevral ayında 6 yaşdan yuxarı avtomobillərin idxalının tamamilə qadağan olunması təşəbbüsü ilə çıxış etsə də, martın 12-də bu qadağanın ləğv ediləcəyi və əvəzində gömrük rüsumlarının artırılacağı bildirilmişdi. Son dəyişikliklərin həm köhnə, həm də yeni (0-6 yaş) avtomobilləri əhatə etməsi ölkədə avtomobil bazarındakı qiymətlərə ciddi təsir göstərəcəyi gözlənilir.