Tbilisidə və regionlarda irimiqyaslı əməliyyat: Narkotik satıcıları "isti izlər"lə yaxalanıb

Apr 1, 2026 - 17:08
 0  13
Tbilisidə və regionlarda irimiqyaslı əməliyyat: Narkotik satıcıları "isti izlər"lə yaxalanıb

Gürcüstan Daxili İşlər Nazirliyi ölkə miqyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti genişmiqyaslı əməliyyat-istintaq tədbirləri həyata keçirib.

Xeber.ge xəbər verir ki, son 72 saat ərzində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin satışı və qanunsuz dövriyyəsində ittiham olunan 108 nəfər saxlanılıb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslərin əksəriyyəti narkotik vasitələrin satış şəbəkəsində iştirak ediblər. Polis tərəfindən məhkəmə qərarı əsasında narkotiklərin nəzarətli alışı həyata keçirilib və bu proses gizli audio-video vasitələrlə qeydə alınıb.

Əməliyyat çərçivəsində xaricdən bağlamalar vasitəsilə göndərilən külli miqdarda narkotik vasitələrin satışını planlaşdıran şəxslər də ifşa edilib. Həmçinin, İmereti və Acarıstan regionlarında 600-dən çox məkanda narkotik vasitə yerləşdirən xarici ölkə vətəndaşı saxlanılıb. Onun mobil telefonunda həmin ərazilərin koordinatları və fotoları aşkar edilib.

  Axtarışlar zamanı maddi sübut kimi satış üçün hazırlanmış külli miqdarda müxtəlif növ narkotik vasitələr, o cümlədən:

  • Kokain, heroin, metadon;
  • Alfa-PVP, MDMA, buprenorfin və klefedron;
  • Narkotiklərin qablaşdırılması üçün avadanlıqlar və satışdan əldə olunduğu ehtimal edilən pul vəsaitləri müsadirə olunub.

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömmürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.