“Gürcüstan böyük fəlakətin astanasındadır”

"Bidzina İvanişvilinin hakimiyyətə gəlməsi ölkədə genişmiqyaslı hibrid əməliyyatın nəticəsi olub və bu, Gürcüstan üçün tam bir fəlakətə çevrilib."
Bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili məhkəmə iclasına qoşularaq bildirib.
“O dövrdə Gürcüstan xalqının bir hissəsi bu xüsusi əməliyyatın qurbanı oldu. Nəticədə isə tam bir milli məhv prosesi başlandı. Bu gün ölkəmiz böyük bir fəlakətin astanasındadır. Bizim vəziyyəti dəyişdirmək üçün çox az vaxtımız qalıb,” - deyə Saakaşvili vurğulayıb.
Sabiq prezident qeyd edib ki, bəzi şəxslər onu İvanişvilinin hakimiyyətə gəlməsində ittiham edirlər, lakin bu fikri irəli sürənlər özlərini güzgüdə görməlidirlər. “İvanişvilinin qələbəsi Gürcüstanda həyata keçirilən genişmiqyaslı hibrid əməliyyatın nəticəsi idi və bunun arxasında böyük güclər dayanırdı,” - o bildirib.
Saakaşvilinin fikrincə, Rusiya hərbi aqressiyasını dayandıra bilmir və Ukraynadakı müharibənin bitməsindən sonra Moskvanın növbəti hədəfi Gürcüstan ola bilər.
“Rusiya Moldovaya gedə bilməz, çünki arada Ukrayna var. Baltikyanı ölkələrə də hücum edə bilməz, çünki NATO-nun qoruması altındadırlar. Qazaxıstana yönələ bilməz, çünki orada Çin var. Azərbaycana da gedə bilməz, çünki Türkiyənin hərbi zəmanəti var. Ancaq Gürcüstan müdafiəsiz qalıb və Rusiya məhz buraya gələcək. Gürcüstanın vasitəsilə dünyaya çıxacaq. Bu, acı reallıqdır. Əgər vəziyyət tezliklə dəyişməzsə, ölkəmiz üçün son dərəcə təhlükəli nəticələr olacaq,” - Saakaşvili bildirib.
O əlavə edib ki, Gürcüstan uğrunda mübarizəsini heç bir halda dayandırmayacaq və bu yolda hətta həyatını da itirməyə hazırdır:
“Gürcüstan azad olacaq, hətta bu, mənim həyatımın bahasına başa gəlsə belə. Biz bu mübarizədə mütləq qalib gələcəyik,” - deyə Saakaşvili qeyd edib.
mənbə: interpress