“Eyni qanunu qəbul edirik ki, ABŞ-da illərdir uğurla işləyir”

“Biz tam olaraq ABŞ-da illərdir uğurla tətbiq olunan qanunu qəbul edirik və xaricdən maliyyələşən təşkilatlar və konkret şəxslərlə bağlı eyni yanaşmamız olacaq."
Bu barədə “Gürcü Arzusu”nun baş katibi, Tbilisinin meri Kaxa Kaladze parlamentdə müzakirəyə çıxarılan “FARA” qanun layihəsi ilə bağlı danışarkən bildirib.
Kaladzenin sözlərinə görə, hakim partiya üçün ən vacib istiqamətlərdən biri şəffaflıqdır.
“Bu qanunun məqsədi Gürcüstanda xarici təsirlərin qarşısını almaqdır”
“Bildiyiniz kimi, biz əvvəllər də “Şəffaflıq haqqında qanun”u təqdim etdik, lakin yerli agentura və xarici qüvvələrin iştirakı ilə bu qanuna “Rusiya qanunu” damğası vurmağa çalışdılar. Əslində isə onun Rusiya ilə heç bir əlaqəsi yox idi.
Uzun illər ərzində xaricdən böyük məbləğdə pullar ölkəyə daxil olurdu ki, bu da cəmiyyətdə parçalanmanı, qütbləşməni və dövlət çevrilişi cəhdlərini maliyyələşdirirdi. Yüz milyonlarla dollar agentura şəbəkəsinin yaradılmasına xərclənirdi ki, lazım gəldikdə hakimiyyəti devirmək mümkün olsun. Biz dəfələrlə belə cəhdlərin şahidi olmuşuq. Lakin Gürcüstan dövləti və onun institutları bu gün çox güclüdür. Biz gələcəkdə də müstəqilliyimizi və suverenliyimizi qorumaq üçün bütün lazımi addımları atacağıq. Bu baxımdan, biz tam olaraq ABŞ-da uzun müddətdir uğurla tətbiq olunan qanunu qəbul edirik və xarici təsirlərə qarşı eyni münasibətimiz olacaq,” – deyə Kaladze bildirib.
“Gürcüstan ABŞ və Avropa ilə əlaqələri yeniləməyə hazırdır”
Kaxa Kaladze ABŞ və Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulmasına hazır olduqlarını vurğulayıb. Onun sözlərinə görə, son üç il Gürcüstan üçün olduqca çətin olub, lakin xalq artıq baş verən prosesləri daha yaxşı anlayır.
“Biz dəfələrlə münasibətlərin normallaşdırılmasına açıq olduğumuzu bildirmişik. Gürcüstanın maraqlarını qoruyaraq ölkəni xarici təsirlərə alət etmədik. Son üç il ərzində açıq hədələr və təzyiqlər oldu, lakin biz xalqımızla birlikdə qətiyyətli dayanaraq ölkəmizi qoruduq. Gürcü xalqı başa düşdü ki, dövlətçiliyimizə qarşı hansı qüvvələr çalışır və biz birlikdə bu təhlükənin qarşısını aldıq”, - deyə Tbilisinin meri vurğulayıb.
Kaladze eyni zamanda ümidvar olduğunu bildirib ki, ABŞ-da “Dərin Dövlət” adlandırılan sistemin məğlub edilməsindən sonra Gürcüstanla Qərb arasında münasibətlər bərpa olunacaq.
“ABŞ Prezidenti “Dərin Dövlət”in məğlub edilməsini elan edib və biz istəyirik ki, bu proses Gürcüstanla da əlaqəli olsun. Münasibətlərin bərpası təkcə bəyanatlar səviyyəsində deyil, konkret addımlarla və yeni əməkdaşlıq mexanizmləri ilə həyata keçirilməlidir”, - deyə Kaladze qeyd edib.
mənbə: interpress