“Gürcü Arzusu”nun keçmiş deputatına qarşı rəsmi ittiham irəli sürülüb

“Gürcü Arzusu” partiyasının sabiq deputatı, veteran güləşçi Luka Kurtanidzeyə qarşı rəsmi ittiham irəli sürülüb.
Bu barədə məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb.
Məlumata görə, Luka Kurtanidze ailə üzvünə qarşı zorakılıq, ailə üzvünə məxsus əmlakın qəsdən zədələnməsi və müdafiə orderində nəzərdə tutulmuş tələblərin pozulması maddələri ilə ittiham olunur. Bu əməllər 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Prokurorluğun açıqlamasına əsasən, Kurtanidze əvvəlki həyat yoldaşı ilə əlaqə saxlaması, ona yaxınlaşması və onun yaşadığı yerə getməsi qadağan olunmuşdu. Lakin o, bu qadağanı pozaraq iki dəfə, o cümlədən 25 iyulda, Kobuletidə qadına qarşı fiziki zorakılıq edib və onun avtomobilinə ziyan vurub. Hadisənin qadın və kişi bərabərliyinə dözümsüzlük zəminində baş verdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Kurtanidze hadisə baş verən gün saxlanılıb və ona qarşı aşağıdakı maddələrlə ittiham irəli sürülüb:
126^1-ci maddə, birinci hissə – ailə üzvünə qarşı zorakılıq (fiziki ağrıya səbəb olan);
11^1, 187-ci maddə, birinci hissə – ailə üzvünün əmlakının qəsdən zədələnməsi (əhəmiyyətli ziyana səbəb olmuş);
11^1, 381^1-ci maddə, birinci hissə (iki epizod) – müdafiə orderinin tələblərinin pozulması.
Prokurorluq, Luka Kurtanidzenin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib. Araşdırmalar davam edir.
mənbə: interpress