“Gürcü Arzusu” bizi inandırmağa çalışır ki, seçkilərdə ciddi rəqibləri var

Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili Antikorrupsiya Bürosunun Mamuka Xazaradzenin ailəsi ilə Almaniya səfirliyi arasında bağlanmış müqavilə ilə bağlı açıqlamasına münasibət bildirib.
Antikorrupsiya Bürosu bu gün, 6 avqust tarixində açıqlama verərək bildirib ki, qurum Mamuka Xazaradzenin əmlak bəyannaməsinin monitorinqini aparır. Onların sözlərinə görə, monitorinqin məqsədi bəyannamədə təqdim olunmuş məlumatların düzgünlüyünü və Gürcüstan qanunvericiliyinə uyğunluğunu yoxlamaqdır.
Bu gün daha əvvəl “Lelo” partiyası məlumat yayaraq bildirirdi ki, İcra Bürosu partiyanın bank hesabını dondurub.
Salome Zurabişvili bildirir ki, Rajden Kupraşvilinin rəhbərlik etdiyi qurum tərəfindən başladılan bu monitorinq “siyasi qisas məqsədi” daşıyır, lakin bu qisas hakimiyyətin Xazaradze (və ya Qaxaria) ilə mübarizəsi demək deyil:
“Əksinə, bu təzyiqlər iqtidar partiyasına ona görə lazımdır ki, bizi inandırsın – guya bu iki partiyanın rəqabəti rejimi narahat edir və qorxudur. Onlara qarşı başlanan təzyiqlər, partiya liderlərinin gözündə onların qərarlarının düzgünlüyünü təsdiqləyir və inam yaradır ki, qələbəyə aparan başqa yol yoxdur və yalnız onlar qələbə qazana bilərlər. Bu inam hər növbəti hücumdan sonra möhkəmlənir. Eyni məqsədə xidmət edir – Rusiya prokurorluğunun yardımı ilə Aleko Elisaşviliyə qarşı açılan cinayət işi. Guya Ukraynada vuruşan başqa güclü gürcü döyüşçü yoxdur ki, Rusiya ona belə diqqət ayırsın.
Əslində isə, “Gürcü Arzusu” bizi inandırmağa çalışır ki, bu seçkilərdə onların ciddi rəqibləri var və onları sıxışdırmaq zəruridir. Beləliklə, hədəfə alınmış rəqibləri öz qərarlarının düzgünlüyünə inandırır və həm də “meriyanı udmaqda” real şanslarının olduğunu göstərir. Bu inam isə iştirakın mənasını itirməməsi üçün vacibdir.
Reallıqda isə, rejim siyasi partiyalardan deyil, yalnız cəmiyyətdən qorxur.
Onun iştirak imitasiyasına ehtiyacı nə leqitimlik üçündür (çünki bunu artıq heç nə qaytara bilməz), nə də ki, rəqabət üçün. Əsl məqsəd, mümkün üçüncü gücün yaranmasının qarşısını almaqdır.
O, bu partiyaların tam diskreditasiya olunması ilə özünün tam de-legitimasiyasını tarazlaşdırmaq istəyir. Siyasi meydanı təmizləmək istəyir – elə ki, “Vahid Milli Hərəkat” və “Gürcü Arzusu”ndan başqa heç bir güc qalmasın.
Artıq bu tələdən çıxmağın vaxtıdır”. – Salome Zurabişvili yazıb.
mənbə: marneulifm